Siyavuş Novruzov: "Valyuta dəyişmə məntəqələri təkmilləşdirilərək bərpa edilə bilər"

Siyavuş Novruzov: "Valyuta dəyişmə məntəqələri təkmilləşdirilərək bərpa edilə bilər"

"Azərbaycanda 1 ilə yaxındır ki, valyuta dəyişmə məntəqlərinin ləğvi nəticəsində qara bazarda vətəndaşlarımızın aldadılması, valyutaların yüksək faizlə dəyişdirilməsi məsələləri gündəmdə idi və vətəndaşlarımız da bundan əziyyət çəkirdi. Bu baxımdan hesab edirəm ki, məsələni qanun çərçivəsində həyata keçirməklə onun həllinə nail ola bilərik ". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin bu günklü plenar iclasında "Valyuta tənzimi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

S. Novruzov çıxışı zamanı ölkəmizdə əvvəl mövcud olan valyuta dəyişmə məntəqələrinin təkmilləşdirilməsini təklif edib: "Axı bizdə valyuta dəyişmə məntəqələri var idi. Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib problemi həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa o zaman bununla bağlı təqdimat verilsin".

Ölkəmizdə 1 il müddətində 1000-dən artıq valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin dayandırıldığını dilə gətirən deputat qeyd edib ki, bunun nəticəsində çoxlu sayda insanlar işsiz qaldı, pullar isə qara bazarda fırlandı: "Bundan əvvəl valyuta dəyişmə məntəqlərinin yerləri var idi və bu yerlər hər bir vətəndaşa məlum idi. Vətəndaşlarımız istənilən vaxt gəlib həmin məntəqələrdə valyutasını dəyişirdi. Bu baxımdan hesab edirəm ki, bu məntəqələr yenidən bərpa edildikdə, bu sahədə çalışanlara üstünlük verilməlidir. Çünki əvvəllər valyuta dəyişmə məntəqələrində çalışanların kifayət qədər təcrübəsi var. Hazırda bazar günləri yalnız bir valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərir ki, onun da qarşısında növbə olur. Bu məntəqələrin azaldılmasının mənası nədir? Ciddi nəzarət olunduqdan sonra qalan heç nəyə ehtiyac yoxdur"

S. Novruzov söyləyib ki, valyuta dəyişmə məntəqələri depozit qoymamalıdırlar: "Valyuta dəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun. Banklar ona görə nizamnamə kapitalı qoyur ki, depoziti qaytara bilməsə bu məsuliyyət dövlətin üzərinə düşməsin. Türkiyədə və digər ölkələrdə bütün kommersiya banklarına dövlət özü qarant verir. Çünki, onları elə sistem əsasında qururlar ki, bank müflis olduğu zaman dövlət vətəndaşın hüquqlarını qoruyub, müdafiə edir. Bu baxımdan valyuta dəyişmə məntəqələrinə depozit 1000-2000 manat arasında ola bilər. Qalan hallarda böyük miqdarda depozit ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə