Ekspert: “Bəzi dairələri indi bir məsələ maraqlandırır” MÜNASİBƏT

"Azərbaycan Silahlı Qüvvələrinin aprelin 21-dək davam edəcəyi genişmiqyaslı hərbi təlimləri sözsüz ki həm düşmən ölkədə, həm də yaxın-uzaq maraqlı ölkələrdə aktiv müzakirə edilməkdədir. Bu də səbəbsiz deyil. 2016-cı ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin aldığı sarsıdıcı və ağır zərbələrdən sonra, bir vaxtlar Azərbaycan əsgəri haqqında o qədər də yüksək fikirdə olmayan dairələr, fikirlərini tam əks istiqamətdə dəyişiblər". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspertin sözlərinə görə, onları indi bir məsələ maraqlandırır: görəsən növbəti dəfə belə bir hadisə nə vaxt təkrarlanacaq? Sözsüz ki, bu olacaq və başqa variant qalmayacağı təqdirdə, ordumuz üzərinə düşən vəzifəni nəyin bahasına olursa-olsun etməlidir və edəcək: "Bunun üçün də Silahlı Qüvvələrimizin şəxsi heyəti həm alınan yeni silah və texnikanı, həm də ön xəttdə çıxarılmış bütün qüvvə və resurslarını bir daha yoxlamalı və lazım olan dəqiqləşmələri aparmalıdır. Bunun da ən optimal və düzgün yolu hərbi təlimlərdir ki, onlar artıq 2 gündür ki start götürüb. Bu təlimlər əvvəlkilərindən bir sıra məqamları ilə fərqlənir. Həm çətin relyef şəraiti olan poliqon və təlim nöqtələrində, həm də yeni alınmış radioelektron kəşfiyyat avadanlığının istifadəsi, ehtiyat qüvvələrin start atəş nöqtələrinə çıxarılması və əksinə, ön xəttdə olan resursların arxaya yerdəyişməsi. Bütün bunlar müharibənin elementləridir və bunu bədnam qonşularımız da gözəl başa düşürlər. Onlar bu təlimlərin istənilən anında Ali Baş Komandan tərəfindən qəfil qərarla real döyüş əməliyyatlarına keçəcəyini də ehtimal edirlər və qorxurlar.

Əlbəttə ki, hər dəfə Ermənistan tərəfi belə təlimləri görəndə, dərindən düşünməyə məcbur olur. O dəqiqə başlayırlar öz havadarlarının ətəyindən möhkəm yapışmağa. Amma, bu da uzun çəkməz. Onsuz da Azərbaycan mövqeyində qətidir və inşallah tez bir zamanda biz bunun müsbət nəticələrini də görə biləcəyik. Qarabağla bağlı bütün proseslərin yaxın aylarda yeni bir aktiv vəziyyətə keçəcəyini düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə