Bu gün Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının X konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda YAP Xəzər rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov hesabat məruzəsi ilə çıxış edib.
YAP-ın zəngin inkişaf yolu haqqında danışan Namiq Əhmədov qeyd edib ki, 1993-cü ildə təsis konfransını keçirən YAP Xəzər rayon təşkilatı ötən dövrdə sıralarını xeyli genişləndirib. Qeyd olunub ki, YAP Xəzər rayon təşkilatı öz sıralarını daim genişləndirərək, partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.
Sədr öz çıxışında daha sonra bildirib ki, YAP-ın Xəzər rayon təşkilatı YAP-ın V Qurultayında qəbul edilmiş qərarların, eləcə də, partiyanın İdarə Heyətinin qərarlarının icrasını daim yüksək səviyyədə həyata keçirib. Namiq Əhmədov nəzərə çatdırıb ki, rəhbəri olduğu rayon təşkilatı hər zaman öz nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışıb, 2015-ci ildə keçirilmiş parlament seckilərində və 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi- referendumda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Hesabat məruzəsindən sonra Nəzarət-Təftiş qrupunun hesabatı dinlənilib.
Daha sonra konfransda Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının birinci vitse -prezidenti İsa Həbibbəyli, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, YAP-ın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə həyata keçirilir.
Konfransda Heydər Əliyev Fondunun Xəzər rayonundakı nümayəndəsi Elmar Mədətov iştirak edib.
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının konfransında həmçinin, təşkilati məsələlər müzakirə edilmişdir.
YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov yenidən YAP Xəzər rayon təşkilatının sədri seçilmişdir.
Konfransda yeni tərkibdə rayon təşkilatının Şura və İdarə Heyəti seçilmişdir.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB