Deputatlar “Hacı Cavad” məscidinin sökülməsinə münasibət bildirdilər

Deputatlar “Hacı Cavad” məscidinin sökülməsinə münasibət bildirdilər

Milli Məclisin bu gün keçirilən iclasında Bakının "Sovetski" adlanan ərazisində "Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı məsələ qaldırılıb. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Fazil Mustafa söyləyib ki, məscidin sökülməsi ilə bağlı etiraz edənlər süni ajiotaj yaratmaq istəyənlərdir.

Azərbaycanda bir çox yerdə məscidlərin tikildiyi və təmir edildiyini deyən deputat ölkəmizdə dini ocaqlara hörmətin qoyulduğunu dilə gətirib: "Məscidin sökülməsi ilə bağlı etirazlar başlayanda araşdırıldı və məlum oldu ki, oranın nə qeydiyyatı var, nə də mədəni abidə kimi qorunur. Ora yığışanlar məqsədli şəkildə ajiotaj yaratmaq istəyənlərdir".

Məsələ ilə bağlı fikirlərini bildirən deputat Qüdrət Həsənquliyev məscidlərin cəsus yuvasına çevrilməsinə imkan veriməməsini dilə gətirib: "Sovetski"də vəziyyət çox ağır idi. Orada aparılan işlərə böyük ehtiyac vardı. Həmin ərazidə insanların namaz qılıb ibadət etməsi üçün kifayət qədər yer var".

Deputat " Hacı Cavad" məscidinin sökülməsi zamanı polisə müqavimət göstərən şəxslərin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılmasını təklif edib: "Araşdırılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə