Allahşükür Paşazadə: "Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur"

Allahşükür Paşazadə: "Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur"

"Sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs dinimiz İslam bütün səmavi dinlərə və onların ardıcıllarına hörmət və ehtiramla yanaşmanı vacib buyurur". SİA-nın xbərinə görə, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə bu gün Bakıda keçirilən " İslam Həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda çıxış edərkən deyib. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlərin bir arada olması, bir-birindən bəhrələnməsi O Bir Olan Yaradanımızın istəyidir: "Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulur ki : "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız (öyrənəsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allahın nəzərində ən üstün olanınız Onun buyurduqlarına əməl edəninizdir" (Hucurat, 13). Beləliklə, Uca Yaradanımızın Lütfü olan bu müxtəliflik bizim parçalanmağımıza deyil, bir-birimizi daha yaxşı dərk etməyimizə və O Bir Olan Yaradanımıza həmd-sənamıza xidmət etməlidir. Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər yəhudilər və digər din mənsubları unikal dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur! . Şeyxülislam söyləyib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tuğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycanın dövlət başçısı Zati-aliləri Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir: " Multikulturalizm, ardınca İslam Həmrəyliyi İllərinin elan olunması Azərbaycan liderinin XXI əsrdə xüsusi bir missiya olaraq həyata keçirdiyi müdrik təşəbbüslər olub, Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlət başçımız İlham Əliyevin İslam həmrəyliyi ili ideyası yalnız İslam dünyası daxilində olan həmrəyliyi deyil, İslam aləmi ilə digər dinlər, konfessiyalar arasında həmrəyliyin harmoniyasını ehtiva edir. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın təzahürüdür". Allahşükür Paşazadə qeyd edib ki, dünyamız üçün taleyüklü qərarların verilməsində böyük dövlətlərin, siyasi liderlərin problemlərlə üzləşdiyi, bəzən iddia və ambisiyalarının girovuna çevrildiyi zamanda Azərbaycan torpağından sülhə, ədalətə və rifaha səsləyən ideyaların dövlətimizin lideri tərəfindən səsləndirilməsi Uca Yaradana xoş gedən müzəffər addımdır: " Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşamağa, inkişaf etməyə qadirdir. Bizim xalqımız, dövlətimiz bu uğurlara Ulu Öndər Heydər Əliyevin dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarımızı milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən xilaskar azərbaycançılıq məfkurəsi sayəsində imza atdı. Azərbaycan bu gün dünyaya uğurlu ideyalarını təqdim etmək qüdrəti olan dövlətə çevrilib. Zati-aliləri Prezident İlham Əliyev qətiyyətli siyasi iradəsi sayəsində Azərbaycanı multikulturalizm, İslam həmrəyliyi ideyalarının mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi uğura nail olmaqdadır"

Bütün xəbərlər Facebook səhifəmizdə