"Terrorun qarşısı siyasi yolla alınmalıdır" AÇIQLAMA

"Terrorun qarşısı siyasi yolla alınmalıdır" AÇIQLAMA

"Baş verən terror hadisələri dünyada hökm sürən qara qüvvələrin, dar düşüncənin, eyni zamanda qəddarlığın təzahürüdür". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, cəmiyyət hər zaman belə hadisələrə qarşı birgə mübarizə aparsa da, çox təəssüf ki, bəşəriyyət hələ də terroru cəmiyyətin ən böyük bəlası olaraq qəbul etmir: "Dünyanın inkişaf etmiş ölkələrinin böyük bir hissəsi hələ də terrora yaxşı və ya pis deyə qiymət verirlər. Vaxtilə Ermənistan Azərbaycan ərazisində terror hadisələri törədəndə, metro partladanda heç Avropa mətbuatında bununla bağlı yazı dərc olunmadı. Bunun erməni terroru olduğu heç vaxt qabardılmasa da, bu gün Avropa özü terrorun hədəfinə çevrilib. Bir-birinin ardınca Stokholmda, Berlində, Sankt-Perterburqda və Misirdə baş verən terror hadisələri göstərir ki, bəşəriyyət buna qarşı vahid cəbhədə birləşməlidir. Terror bəşərə qarşı hücuma keçib. Bəşəriyyət terrora qarşı mübarizə aparmasa, ümumilikdə özünün bir sıra dəyərlərini itirə bilər".

A.Mirzəzadə qeyd edib ki, dünyada baş verən terror hadisələrinin bir sıra üslubları var ki, onlardan ən qabarığı məhz erməni terrorudur: "Xaricdə uzun müddət türk diplomatlarına qarşı terror aktının həyata keçirilməsi də bu üslubun nəticəsidir. Türk Hava Yollarının Paris nümayəndəliyinin, 1977-ci ildə Moskva, sonra isə Azərbaycanda metronun partladılması da erməni terrorunun təzahürləridir. Erməni terroru bu gün formasını dəyişsə də, Azərbaycan torpaqlarının bir hissəsin işğal edib, dinc əhalimizə qarşı atəş açmaq ən böyük terror nümunəsidir".

Deputat əlavə edib ki, terrorun qarşısı ilk növbədə siyasi yolla alınmalıdır: "Böyük dövlətlər, inkişaf etmiş Avropa ölkələri Ermənistana dur deyəndə, ölkəmizin ərazi bütövlüyü əsas hesab ediləndə, terrorun mənbələrindən biri dayandırılmış olacaq. Bu gün işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistanın xüsusi xidmət orqanları tərəfindən terror dəstələri hazırlanması ilə bağlı bir sıra informasiyalar yayılır. Lakin bunlar qulaq ardına vurulur. Belə olan halda da xarici ölkə paytaxtlarında terror hadisələri davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə