"Ermənistanda seçici səsi kütləvi olaraq pulla ələ alınıb" MÖVQE

"Ermənistanda seçici səsi kütləvi olaraq pulla ələ alınıb" MÖVQE

"Ermənistandakı parlament seçkilərinin məhz aprel döyüşlərinin il dönümünə salınmasının başlıca mənası 2 aprel tarixini xalqın yaddaşından silməkdir. Çünki bu, siyasi, ideoloji savaşda çox önəmli məsələdir". Bunu SİA-ya açıqlamasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, aprel döyüşləri zamanı bəzi ərazilərin geri qaytarılması ermənilərin havasını əlindən almaqla yanaşı, ölkədaxili siyasi proseslərə də güclü təsir göstərdi: "Uzun 10 illər ərzində qələbələr, ərazilərin ələ keçirilməsi, Dağlıq Qarabağla yanaşı ətraf rayonlara gələrək orada qərar tutmaq, həmin yerlərdə səngər qazıb yerləşmək heç şübhəsiz ki, erməni xalqı üçün bütövlükdə təhlükəsizlik qurşağı yaratmışdı. Bufer zona kimi sayılan 7 rayon hamının işinə yarıyırdı. Ermənilər onunla nəfəs alırdılar. Lakin aprel savaşı zamanı bəzi ərazilərimizin işğaldan azad edilməsi onları bunlardan məhrum etmiş oldu. Artıq parlament seçkiləri dövründə belə Qarabağ məsələsini karta keçirərək hakimiyyət uğrunda mübarizə aləti xalqı o qədər də cəlb etmirdi. Ötən dövr ərzində həmin amildən istifadə edən, taxt-tac quran, böyük korrupsiyalara əl atıb xalqı ac saxlayan qüvvələr əvvəlki ssenarilərdən istifadə edə bilmirdilər. Nəticə etibarı ilə bu, seçki mübarizəsinə də öz təsirini göstərmiş oldu".

Z. Orucun sözlərinə görə, Ermənistanda keçirilən parlament seçkiləri saxkarlıq yolu ilə baş tutub: "Erməni mətbuatında seçkilərdə saxtakarlıqla yanaşı, fiziki təzyiqlər, xəsarət hətta qətl hadisələri və digərləri ilə bağlı geniş məlumatlar yer almaqdadır. Seçkilərdə beynəlxalq müşahidəçilərin sayı çox məhdud idi. Düzdür, onların ilkin rəyi çox mənfi olmasa da, yəqin ki, yayılan məlumatları nəzərə alacaqlar. Lakin unutmayaq ki, seçici səsinin kütləvi olaraq pulla ələ alınması və inzibati resurs amilindən istifadə halları bir faktdır. Seçki demokratikliyi yalnız səsvermə qutusuna bülletenin necə atılmasını özündə ehtiva edilmir bu proses onlarla parametrlərdən keçir. Belə olan halda əlbəttə ki, Ermənistanda Respublikaçılar partiyasının qalib gəlməsi xalqın məğlubiyyətidir. Çünki, Sarksiyan xalqın iradəsinin tapdalanması hesabına özünün məlum bədnam kursunu davam etmək imkanı qazandı. Seçki ərəfəsində Ermənistana hansı ölkələrin nümayəndələrinin gəldiyi, məlum siyahıların harada razılaşdırıldığı heç kimə sirr deyil. Bu, ortaq mövqe daşıyıcıları, müəyyən müstəqilliyə malik olan erməni mediasında çox açıq şəkildə ifadə olundu".

Deputat qeyd edib ki, Ermənistandakı seçkilərin nəticələri bizim üçün xüsusi bir məna daşımır: "Əlbəttə biz Ermənistanda demokratik hakimiyyətin olmasını istərdik. Biz istərdik ki, həmin hakimiyyət qanunları tanısın, regionda təhlükəsizlik prinsiplərinə hörmət etsin, vandalizmi pisləsin, ərazi bütövlüklərinə hörmətlə yanaşsın. Lakin çox təəssüf ki, erməni xalqının belə bir iqtidar formalaşdırmağa gücü çatmır. Hər bir halda, erməni cəmiyyətinin özünəməxsus elmi, diplomatik potensialı var. Amma Sarkisyan bu potensialdan çox-çox uzaq düşmüş, həddindən artıq primitiv və siyasi delitant səviyyəsində olan bir adamdır. Belə şəxsin gəlin öndə durması birinci növbədə erməni millətinin özünə zərbədir. Hesab edirəm ki, Sarkisyan 90-ci illərdən sonra xalqını məğlub etməklə məşğul olub ki bu da bizim ziyanımıza deyil. Bu cür şəraitdə Azərbaycan öz xəttini, yolunu davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə