Şanlı aprel zəfəri – Xankəndinə aparan qısa yol TƏHLİL

O gün uzaqda deyil...
Şanlı aprel zəfəri – Xankəndinə aparan qısa yol TƏHLİL

Azərbaycan dövləti, xüsusilə, Prezident və Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli istiqamətində qətiyyətli addımları bu gün də davam etməkdədir. Belə ki, dövlət başçımız demək olar ki, bütün çıxışlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm fikirlərini bildirir, müvafiq bəyanatlar səsləndirir. Bu isə bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan tezliklə işğal altında olan ərazilərimizi işğalçı Ermənistanın və separatçı "dqr" rejiminin tör-töküntülərindən azad edəcək.

Ali Baş Komandan İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır"

Xüsusilə, Prezident İlham Əliyevin aprel döyüşlərində qəhrəmanlıqları ilə seçilmiş hərbçilərimzlə keçirdiyi görüşü zamanı vurğuladığı fikirlər bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq mənfur düşmənin "qalib ordusu" stereotipinin fəqərə sümüyü sındırılıb: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir.".

Ermənistan rəhbərliyi bir neçə köhnə "İsgəndər" tipli raketləri sayəsində lovğlalansa belə, həmin raketləri yerindəcə məhv edəcək minlərlə Azərbaycan raketləri mövcuddur!

Beləliklə, Ali Baş Komandanımızın sözlərinə görə, artıq düşmənin pərakəndə və qabiliyyətsiz ordusu güclü Azərbaycan Ordusu qarşısında aciz duruma düşüb. Bu isə məhz ötən ilin aprel ayında əldə edilən möhtəşəm zəfərin məntiqi nəticəsi kimi dəyərləndirilir. Hətta Ermənistanın siyasi rəhbərliyi erməni xalqında yaranmmış xof və qorxunuu aradan qaldırmaq məqsədilə əldə etdiyi ikinci nəsil, köhnə və ikinci nəsil (QEYD: hazırda bu raketlərin dördüncü nəsli istifadə olunur)"İsgəndər" tipli raketləri sayəsində lovğlalansa belə, həmin raketləri yerindəcə məhv edəcək minlərlə Azərbaycan raketləri mövcuddur!

Müdafiə naziri Zakir Həsənov: "Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcəkdir"

Məsələn, bununla bağlı müdafiə naziri Zakir Həsənov çıxışlarının birində bildirib ki, işğalçı Ermənistan öz çirkin taktikasını işə salaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın, vaxt uzansın: "Biz buna imkan verməməliyik və bu münaqişə tezliklə həllini tapmalıdır. Cəbhə xəttində düşmənin təxribatları davam edir və daim artmaqdadır. Ordumuz bu təxribatların qarşısını qətiyyətlə alır və daha sərt cavab tədbirləri həyata keçiriləcəkdir. Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatımız var. Bu bölgədəki hərbi balansı düşmənin xeyrinə dəyişməyib. Biz bütün istiqamətlərdə tam üstünlüyə nail olmuşuq. Düşmən tərəfinin istifadə edə biləcəyi bir neçə qurğuya cavab olaraq isə Silahlı Qüvvələrimiz sərəncamındakı minlərlə raketlərdən, döyüş vasitələrindən cavab verməklə həmin raketləri vura bilməyə və düşmənin istənilən məsafədəki bütün hərbi infrastrukturunu məhv etməyə qadirdir. Ermənilərin həmin raketlərdən istifadə barədə səsləndirdiyi hədələr isə uydurmadan başqa bir şey deyildir. Aprel döyüşləri qarşı tərəf üçün bir dərs olmalı idi. Lakin görünür onlar bu zərbədən nəticə çıxarmayıblar. Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcəkdir".

Mənfur düşmənin on min hektarlarla ərazisi qüdrətli Azərbaycan Ordusunun tam nəzarəti altındadır!

Görünür, işğalçı Ermənistan rəhbərliyi müxtəlif cəhdlərlə hələ ötən ilin aprelində Azərbaycan qarşısında diz çökdüyü anları, xarici havadarlarının qarşısında yeni atəşkəsə naiç olmaq üçün dil tökdüyü zamanları unutmağa çalışır. Bu səbəbdən, gah erməni prezidenti Serj Sarkisyan, gah da onun əlaltı siyasi tulaları tez-tez "dqr"ə səfərlər edərək, oradan Azərbaycana qarşı növbəti boğazdan yuxarı hədə tipli bəyanatlar səsləndirirlər. Halbuki, ölkə başçımız aprel döyüşləri ilə bağlı onu da vurğulayıb ki, bir il öncə Azərbaycan Ordusu hərbi potensialının heç bir faizini belə istifadə etməyib. Ancaq buna baxmayaraq, 2000 ha ərazisini azad etməklə yanaşı, təmas xəttinin düşmən olan tərəfinin 10 minlərlə ha ərazisinə tam şəkildə nəzarət edir. Və bu gün qüdrətli Azərbaycan Ordusu öz yenilməz Silahlı Qüvvələri ilə əmr gözləyir – Xankəndinə aparan qısa yolu az müddətdə qət etmək üçün və üçrəngli bayrağımızı Qarabağızımzda dalğalandırmaq üçün!

O gün isə uzaqda deyil ...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə