“Ermənistan aprel döyüşlərdən məğlub tərəf kimi çıxdı” Rasim Musabəyov

“Ermənistan aprel döyüşlərdən məğlub tərəf kimi çıxdı” Rasim Musabəyov

"Aprel döyüşləri göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi heç də dondurulmuş deyil və istənilən an alovlana, genişlənə bilər". Bunu SİA-ya açıqlamasında millər vəkili, politoloq Rasim Musabəyov deyib. O bildirib ki, bu döyüşlər həmçinin, erməni ordusu barədə mifləri dağıtdı: "Ermənilər həmişə lovğalanırdı ki, guya bunların hərbi imkanları Azərbaycandan üstündür. Aprel döyüşlərindən əvvəl ermənilərin təbliğatı belə cəfəng fikirlərlə dolu idi. Döyüşlərdən sonra isə bütün bu qələtləri gündəlikdən çıxdı. Onlar məğlubiyyəti boyunlarına götürməsələr də, orduya komandanlıq edən şəxslərin cəzalandırılması və vəzifədən uzaqlaşdırılması göstərdi ki, bu döyüşlərdən məğlub tərəf kimi çıxıblar. Azərbaycanın isə doğurdan da öz ordusunun möhkəmlənməsinə böyük investisiya qoyduğu nümayiş olundu. Cəbhə xəttində üstünlük Azərbaycan tərəfdə oldu. Bütün bunlar nümayiş etdirdi ki, biz doğurdan da hərbi yolla torpaqlarımızı azad edə bilərik. Erməniləri himayə edən dövlətlər anladılar ki, mövcud vəziyyəti dondurulmuş şəkildə saxlamaq çox böyük riskdir".

Millət vəkili yenidən vəziyyətin gərginləşə biləcəyini istisna etmir: "Hazırkı vəziyyət qalmaqda davam edərsə, nəinki gərginliyin eskalasiyası mümkündür, hətta qaçılmazdır. Bunu hər kəs anlayır. Sadəcə olaraq cavabdeh dövlətlər təhlükə risklərini azaltmaq üçün erməniləri ağıla gətirib işğal olunmuş ərazilərdən geri çəkilməyə məcbur etmək əvəzinə, çalışırlar cəbhə xəttinə müşahidəçilər gətirmək, özlərinin dediyi kimi müəyyən etimad tədbirləri həyata keçirməklə erməniləri orda sığortalayıb, vəziyyəti istədikləri şəkildə yenə də dondursunlar. Yəni onların istəyi budur ki, ya ermənilərə güzəştə gedək, ya da vəziyyət olduğu kimi saxlanılsın.

Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edib ki, bu, baş verməyəcək. Aydındır ki, ağır texnika bilavasitə təmas xəttindən uzaqda olsa da, ancaq cəbhə bölgəsinə kifayət qədər yaxındır və hər zaman konflikt adi atışmalardan böyük döyüşlərə keçə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə