“Ermənistanda strateji müttəfiqini itirmək növbəsi Minsk qrupuna çatdı” AÇIQLAMA

“Ermənistanda strateji müttəfiqini itirmək növbəsi Minsk qrupuna çatdı” AÇIQLAMA

"Ermənistan prezidenti və xarici işlər naziri dəfələrlə həmsədrlərlə Ermənistanın rəsmi mövqeyinin eyni olduğunu bildiriblər. Eləcə də son dövrlərdə S.Sərkisyan və onun rəhbərlik etdiyi komanda özünü İranın məmurları kimi aparırlar. S.Sərkisyanın və nazirlərinin xarici ölkə təmsilçiləri ilə keçirdiyi görüşdə etdiyi çıxışların sadəcə kontent analizi bu çıxışlarda Ermənistanın adından daha çox İranın adı hallandığını göstərir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin başlanğıc dövründə isə Ermənistan ABŞ-ın adından danışırdı: "ABŞ-ın adı ilə Rusiyada bir sıra rəsmiləri və siyasətçiləri ələ alaraq Azərbaycanın üstünə qaldırmışdı. Sonradan Rusiyanın adı ilə Azərbaycanı hədələdi. Növbə KTMT-nin adından hədələməyə çatdı. Hətta Ermənistanın Türkiyə-Azərbaycan münasibətlərinə müdaxilə etmək cəhdləri də olub.

İndi ümumiləşdirmə üçün kifayət qədər əsaslar var. Bu gün ənənəvi strateji müttəfiqlərinin heç birisi birmənalı şəkildə Ermənistanın arxasında deyil. ABŞ və Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində öz mövqeləri var. Fransa ermənipərəstlikdən uzaqlaşıb, Azərbaycanın haqlı mövqeyinə yaxınlaşıb. İranın da Ermənistana mövqeyi dəyişib. Ermənistanın özünü satışa çıxarmasını İranda başa düşürlər. Tehranın fikrincə, Ermənistanı başqa dövlətlərin almasındansa, İranın alması daha vacibdir. Çünki İran Ermənistanı özünün tarixi ərazisi hesab edir. Məhz o kontekstdən də İran Ermənistana təsirini hədsiz gücləndirib. Erməni ekspertlərinin fikrincə, Ermənistanın bütün sahələri, o cümlədən hərbisi artıq İranın xüsusi xidmət orqanlarının ciddi müdaxiləsi altındadır. İran Ermənistan ordusunun idarəçiliyinə təsir etmək gücündədir.

İranın özünün spesifik iş metodu var və öz metodu ilə ermənilərlə iş aparır. Ona görə İranı da Ermənistanın strateji müttəfiqi hesab etmirik.

ATƏT-in Minsk Qrupu həmsədrləri adından Ermənistanın tez-tez bəyanat verməsi nəhayət ki, ATƏT-in Minsk Qrupu həmsədrlərini dilləndirəcək və MQ Ermənistanın Xarici İşlər Nazirliyinin strukturu olmadığını bəyan edəcək. Obyektiv mövqe ortalığa qoymayacağı təqdirdə ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ tənzimlənməsində yeri olmayacaq. Ən azı BMT-nin Baş Katibi Quttereş Dağlıq Qarabağ tənzimlənməsinə o cümlədən digər münaqişələrin tənzimlənməsinə tamamilə yeni nəfəs gətirmək fikrindədir. Ona görə, Ermənistan özünün ən vacib silahdaşı olan ATƏT-in Minsk Qrupu həmsədrlərindən də məhrum ola bilər. Hər halda ATƏT-in Minsk Qrupu həmsədrləri qeyrətə gəlmək, düşünüb-daşınmaq ərəfəsindədir. Bu isə Ermənistana ATƏT-in Minsk Qrupu adından danışmaq səlahiyyətinin məhrum edilməsindən başlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə