31 Mart - Dünya Azərbaycanlılarının soyqırımından bir il ötür. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində göstərilir ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər öldürülüb. 31 mart soyqırımı bir millətin tamamilə məhvinə yönəlik bir soyqırımı idi. Bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı, 31 mart soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək məsuliyyəti həm də mətbuatın üzərinə düşür. Belə olan halda, mətbuat bu soyqırımını necə tanıtmalıdır?
SİA bununla bağlı media nümayəndələrinin fikirlərini öyrənib.
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: " Soyqırımı hadisəsi Azərbaycan xalqının dəfələrlə başına gətirilmiş faciəvi tarixi hadisələrdən biridir. Tarix sübut edir ki, Azərbaycan xalqı bu məsələdə tam məsumdur. Xalqımız hansısa günahı ucbatından deyil, məhz öz torpağında, yaşadığı ərazidə günahsız olaraq soyqırımı aktlarına məruz qalıb. Bu da erməni vandalları tərəfindən dəfələrlə törədilən hadisədir. Soyqırımı günün mövzusudur. Çünki, günümüzdə də bu kimi soyqırımı faktları baş verir. Görürük ki, müasir dünyada da əksər xalqlara, dövlətlərə qarşı bu cür repressiv hərəkətlər aparılır. Lakin məsələ bundadır ki, Azərbaycan xalqı 100 il bundan öncə də indi də bu cür hadisələrlə qarşılaşır, bu kimi faciələrin qurbanına çevrilir. KİV bu məsələlərə iki kontekstdən yanaşa bilər. Bu gün ilk olaraq tarixi gün kimi anladılmalı, media buna günün hadisəsi kimi işıqlandırmalı. Bundan əlavə media 31 mart faciəsinin məhz azərbaycanlıların başına gətirildiyi üçün buna daha geniş yer ayırmalıdır ki, vətəndaşlar, xalqımız millətimiz tarixi analogiya aparıb tarixi nəticə çıxarmalıdır. Azərbaycanlıların 200 ildən artıqdır ki bu kimi faciələrlə rastlaşmasının konkret səbəbi var ki, bu da qonşuluqda yerləşən ermənilərin ölkəmizə qarşı təcavüz siyasəti, onların strategiyasının " böyük Ermənistan" yaratmaq istəyidir. 100 il bundan öncə mart hadisələri zamanı nə baş vermişdisə, 90 il bundan sonra eyni hadisələr Xocalıda yaşandı. Bu gün Dağlıq Qarabağ və ətraf rayonlarda yenə də eyni hadisələr yaşanır. KİV-in bu məsələlərə diqqət ayırması, geniş təbliğat aparması, eləcə də bu məlumatların internetdə müxtəlif dillərdə yerləşdirilməsinə ehtiyac var. Bizim vətənpərvər KİV-lərin üzərinə düşən missiya bu materialları hazırlayıb, xarici dillərə tərcümə etməkdir ki, bunun sayəsində Azərbaycan ictimaiyyəti ilə yanaşı, bütün dünya bu müsibətlərdən xəbərdar olacaq".
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "31 mart soyqırımın dünyaya tanıdılmasında medianın üzərinə böyük vəzifə düşür. Bunun həyata keçirilməsi bizim milli mənafeyimizə daxil olan məsələlərdən biri sayılır. Artıq bu istiqamətdə müəyyən nailiyyətlərimiz var. Məsələn 70 il sovet dövründə 31 mart soyqırımı hadisələrinin üstündən çox qalın pərdə çəkilmişdi. Nəinki dünya, nəinki SSRİ hətta Azərbaycanın özündə belə cəmiyyətin mütləq əksəriyyəti bu hadisələrin mövcudluğundan xəbərsiz idilər. Amma bu gün orta məktəbdə oxuyan uşaqlar da 31 martda 100 il əvvəl Azərbaycanlıların Bakıda, Qubada, Şamaxıda və digər yerlədə 10 minlərlə insanların necə qətlə yetirildiyi haqqında məlumatlıdırlar. Əslində bu soyqırımı haqqında məlumatları demək olar ki bütün dünya miqyasında yaya bilmişik. Yeni-yeni məlumatlar, foto şəkillər tapılır, kütləvi məzarlıqlar meydana çıxır ki, bunlar həmin hadisələrin həqiqi mənzərəsinin bərpasında çox müstəsna rol oynayır. İndi medianın qarşısında dayanan vəzifə mart soyqırımı hadisələri ilə bağlı ən xırda detalları belə dünya ictimaiyyətinin, siyasi və diplomatik dairələrinin diqqətinə çatdırmaqdır. Ondan sonrakı mərhələdə biz 31 mart soyqırımının dünya ölkələrinin parlamentləri tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində addımlar atmalıyıq. Necə ki bu gün artıq Xocalı soyqırımını dünyanın xeyli sayda ölkələrinin parlamentləri soyqırımı hadisəsi kimi tanıyıblar, eynilə də 31 mart soyqırımının bu cür tanınmasına cəhd göstərməliyik. Mən inanıram ki bu mümkün olacaq və bu sahədə mediamız böyük rol oynayacaq".
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz: "31 mart soyqırımının dünyaya tanıdılması təkcə mətbuatın deyil bütün xalqımızın işidir. Belə ki, Azərbaycanın keçmiş tarixini öyrənmək üçün hər kəs bu faciəni yad edib, onun təbliği işini qurmalıdır. Xaricdəki Azərbaycan diasporları da bu günü yad etməli, 31 mart faciəsinin həqiqətlərini yaşadıqları ölkələrin müəyyən qurumlarına təqdim etməlidir. Soyqırımının tanıdılması çoxsaylı işdir. Məktəblərimizdə bununla bağlı geniş təbliğat işləri aparılmalı və bu işləri də media dünyaya yaymalıdır ki, insanların yadına düşsün ki, məhz 31 mart ən böyük soyqırımıdır. Media bununla bağlı təkcə mart ayında deyil, daim təbliğ etməlidir ki hər kəs XX əsridə başımıza nələrin gəldiyini öyrənsin. Dünya bilməlidir ki, ermənilər Dağlıq Qarabağı almamışa qədər başımıza hansı müsibətləri gətiriblər. Hazırda bu sahədə görülən işlər azdır. Çünki xaricdə bununla bağlı təbliğatımız zəifdir. Bəzən ölkəmizin daxilində 31 martın tarixini bilmirlər. Buna görə də bu iş ciddi aparılmalı, 31 mart soyqırımı məktəb proqramlarında təbliğat xarakterinə çevrilməli, faktlarla əvvəlcə öz daha sonra isə dünya ölkələrinin vətəndaşlarına çatdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB