"31 mart Azərbaycanlıların soyqırımı haqqında ilk hüquqi sənəd 1998-ci ilin martın 26-da müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb. Bu sənəd tarixçilərimiz üçün çox böyük imkanlar açıb". Bu fikirləri SƏS TV-yə açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyib.
Son 20 il ərzində bu məsələ ilə bağlı geniş şəkildə tədqiqat işlərinin aparıldığını deyən C. Bəhrəmov bildirib ki, Azərbaycan tarixçiləri bu soyqırımını araşdırarkən təkcə Bakı quberniyası deyil, bütün ölkə ərazisində ermənilərin xalqımıza qarşı etdikləri ilə bağlı tədqiqat aparırlar.
Onun sözlərinə görə, 31 mart soyqırımı ilə bağlı danışarkən məsələyə dəqiq yanaşılmalıdır: "Biz ilk növbədə ermənilər bu cinayəti niyə törədiblər, onları bu .şəraiti kimlər açıb, kimlər maliyyələşdirib kimi suallara cavab tapmalıyıq. O zaman Azərbaycan nefti Birinci dünya müharibəsində savaşan dövlətlərin hər iki blokunun maraq dairəsində idi. Hətta bir-biri ilə müttəfiq olan dövlətlər belə Bakı neftinə görə lokal şəkildə döyüşlər aparırdılar. O zaman Almaniya ilə Türkiyə müttəfiq idilər. Lakin onlar 1918-ci ilin sentyabr ayında Bakını ələ keçirmək üçün toqquşmuşdular. Buna görə də faktlara söykənərək deyə bilərəm ki, 1917-ci ilin sonunda artıq hərbi çevriliş yolu ilə Rusiyada hakimiyyəti ələ alan bolşeviklər başda Lenin olmaqla Bakı neftini nəzarətdə saxlamaq üçün fövqəladə təşkilat Qafqaz komissarlığı deyilən bir orqan təsis etdilər və dekabrın 16-da Leninin sərəncamı ilə Şaumyan Qafqazın fövqəladə və səlahiyyətli komissarı təyin olundu.
Bundan ötrü 500 min manat qızıl pul vəsaiti ayrıldı. Bunun ardınca Lenin 1918-ci ilin fevral ayının 13-də ikinci sərəncam imzaladı və bu sənəd əsasında sovet Rusiyasının maliyyə yardımı ilə Bakı sovetində hakimiyyəti ələ alan Şaumyana maliyyə yardımı 31,8 milyon manat qızıl pul eləcə də Stalin tərəfindən Leninə verilən tapşırıq əsasında Moskva hərbi dairəsindən çox böyük miqdarda silah və hərbçilər ayrılmışdı. Hərbçilər Qafqaz cəbhəsindən qayıdan rus ordusunun əsgərləri idi ki onların da çox böyük əksəriyyəti erməni daşnakları idi. Apardığımız tədqiqatlar onların 5000 nəfərinin Bakıya gəldiyini göstərir. Bütün bu vəsaitlər martda alındıqdan sonra onlar Bakını təmizləmək üçün bu cinayətə əl atdılar. Hətta rus tədqiqatçılardan biri olan Razin yazırdı ki, Leninin əmri ilə 50 milyon manat ayrılaraq Şaumyan tərəfindən Bakı Neft Komitəsinin sədri təyin olunan Ter-Qabrielyana göndərilir ki, Bakını ala bilməsəniz o zaman yandırın. Bir sözlə desək zəngin sərvətə malik olan ərazi Azərbaycan xalqına verilməsinə baxmayaraq yırtıcı dairələr yerli əhalini ermənilərin əli ilə qıraraq həmin əraziləri ələ keçirmək üzərində müharibə edirdilər. Azərbaycan xalqı ermənilərin istəyi Qərb ölkələrinin və Sovet Rusiyasının dəstəyi ilə qurbana çevrildi və təkcə Bakı şəhərində öldürülənlərin sayı 31 mindən çox oldu".
Tarixçi qeyd edib ki, tarixçilərimiz tərəfindən aparılan tədqiqat işləri geniş şəkildə hazırlanaraq 3 dildə tərcümə olunub: "Təbii ki bütün bunlar dövlət başçısı İlham Əliyevin tövsiyə və istəyi ilə həyata keçirilir. Belə ki, soyqırımı faktı ilə bağlı sənədlər Rusiya, Avropa və digər ölkələrin arxivlərindən ölkəmizə gətirilərək elmi dövriyyəyə daxil edilib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu dəhşətli hadisə nəticəsində ən azı 700 min nəfərdən 1 milyon qədər insan qəsdlə məqsədyönlü şəkildə qətlə yetirilib. Bununla bağlı soyqırımı xəritəsi tərtib edilib və həmin xəritədə bilavasitə bütün ərazilər əks olunub. Bu xəritələr 3 dildə nəşr edilib və bundan əlavə xəritələr dünyanın bir çox ölkələrinə yayılıb".
Tarix İnstitutun direktor müavini əlavə edib ki, ermənilər 31 mart soyqırımında ilk növbədə icraçı rolunu oynamaqla onlara himayədarlıq edən dövlətlərin tapşırıqlarını yerinə yetiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB