Bakıda Pakistan İslam Respublikasının Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra çıxış edən Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand ölkəsinin ötən illər ərzində keçdiyi inkişaf yolundan söz açıb. Pakistan-Azərbaycan münasibətlərindən danışan diplomat deyib ki, iki ölkə arasında dostluq, qardaşlıq əlaqələri mövcuddur. Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu xatırladan səfir əlavə edib ki, bu il iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunur. O, bu müddət ərzində Pakistanın üç prezidenti və iki hökumət başçısının Azərbaycana səfər etdiyini vurğulayıb. Səfir əlavə etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralda İslamabada etdiyi səfərdən sonra əlaqələr daha sürətlə inkişaf etməyə başlayıb.
Müdafiə sənayesi naziri Yavər Camalov bayram münasibətilə Pakistan dövlətini və xalqını təbrik edib. Nazir bildirib ki, ölkələrimiz arasında səmimi dost əlaqələri mövcuddur. Y.Camalov vurğulayıb ki, Azərbaycan müstəqilliyini qazandığı ilk gündən Pakistanın qardaş dəstəyini hiss edib: "Azərbaycanla Pakistan arasında müdafiə sahəsində geniş əlaqələr var. 2016-cı il İslamabadda hökumətlərarası komissiyanın iclası keçirilib. Burada 17 sahə üzrə əməkdaşlığa baxılıb və həyata keçiriləcək tədbirlər imzalanan protokolda öz əksini tapıb". Nazir onu da deyib ki, rəsmi İslamabad Qarabağ münaqişəsinin həlli prosesində birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Dünyada yeganə dövlət olaraq Pakistanın Ermənistanı tanımadığını xatırladan nazir buna görə qardaş Pakistana minnətdarlığını çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB