Prezidentin köməkçisi:" Vəziyyətdən çıxış yolu beynəlxalq münasibətlərin “çoxqütblülük” şəraitində inkişaf etməsi ola bilər"
"Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların yaranmasının zəruriliyi məsələsi ilə bağlı dünya birliyində müxtəlif yanaşmalar özünü göstərir". SİA-nın xəbərinə görə, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov V Qlobal Bakı Forumu çərçivəsində "Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?" mövzusunda keçirilən paneldə çıxış edərkən deyib.
Prezidentin köməkçisi söyləyib ki, "XX əsrin sonunda SSRİ-nin dağılması və dünya sosializm sisteminin süqutu nəticəsində "soyuq müharibə"nin başa çatması, yeni dövlətlərin müstəqillik qazanması və beynəlxalq hüququn subyektinə çevrilməsi kimi qlobal hadisələr planetin ümumi geosiyasi vəziyyətinə təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər yaradıb: "Beynəlxalq aləmdə hərbi qüvvələr balansının pozulması və Varşava Müqaviləsi Təşkilatının sıradan çıxması nəticəsində NATO dünyanın yeni geosiyasi mənzərəsini müəyyənləşdirməyə çalışan əsas hərbi-siyasi güc mərkəzi oldu. Beynəlxalq münasibətlərdə "birqütblülük" yarandı ki, bu da dünya nizamında yeni oyun qaydalarının əmələ gəlməsinə səbəb oldu. Lakin son 25 ilin təcrübəsi göstərir ki, "birqütblü" sistem və "yeni dünya nizamı" konsepsiyası dünyanın bütün dövlətləri tərəfindən birmənalı şəkildə qarşılanmır. "Çoxqütblülüyün" aradan qalxmasına baxmayaraq, yenidən onun bərpa edilməsində maraqlı olan dövlətlər vardır və onlar müxtəlif hərbi-siyasi ittifaqların yaranmasında maraqlıdır. Hər bir dövlət özünün milli maraqlarından çıxış edərək hərbi-siyasi ittifaqların yaranması məsələsinə fərqli mövqelərdən yanaşır. Bir qrup dövlətin mövqeyinə görə, dünyada gedən geosiyasi proseslər müxtəlif hərbi-siyasi ittifaqların meydana gəlməsinə gətirib çıxaracaq ki, bu da beynəlxalq aləmdə sülhün və sabitliyin təmin olunmasında dönüş yaradacaq. "Çoxqütblülük" şəraitində yeni yaranacaq hərbi-siyasi ittifaqlar bir-birinə nəzarət etdiyindən beynəlxalq aləmdə tarazlığı səmərəli şəkildə qoruyub saxlamaq mümkün olacaq".
Azərbaycan prezidentinin köməkçisi bildirib ki, "çoxqütblülüyün" tərəfdarı olan dövlətlər beynəlxalq münasibətlərin NATO-nun deyil, BMT-nin təsiri altında formalaşmasında maraqlıdır. Onların mövqeyinə görə, "çoxqütblülük" şəraitində beynəlxalq münasibətlərin vəziyyəti BMT-nin fəallaşmasını və onun Nizamnaməsindəki müddəaların müasir dövrün reallıqlarına uyğunlaşdırılmasını tələb edir: "Yeni dövrün çağırışları prinsipial olaraq BMT mexanizmlərinin təkmilləşdirilməsini tələb edən fərqli beynəlxalq şərait yaradır. Təbii ki, bu yanaşma "birqütblülüyün" tərəfdarı olan ölkələrin maraqlarına cavab vermir və onlar isə hesab edir ki, "çoxqütblülük" dünyada sülhün təmin olunmasını çətinləşdirə, müxtəlif motivli münaqişələrin yaranmasına səbəb olmaqla beynəlxalq aləmdə qeyri-sabitlik vəziyyətini kəskinləşdirə bilər".
Ə.Həsənov qeyd edib ki, Azərbaycanın 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatı isə dünya nizamının yeni arxitekturasının bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulmasında maraqlıdır. Bu təşkilatın mövqeyinə görə, hansısa dövlət, yaxud beynəlxalq qurum dünyada sülhün və sabitliyin təmin edilməsində əlahiddə hüquqlara malik ola bilməz: "Çoxqütblü" dünyanın tərəfdarı olan Qoşulmama Hərəkatı hesab edir ki, dünya dövlətlərini "yaxşılara" və "pislərə" bölmək prinsipindən əl çəkilməli, onların hər biri milli suverenliyə və müstəqilliyə malik olmalı, daxili və xarici siyasətlərini müstəqil şəkildə aparmalıdırlar. Dünya birliyində bu və ya digər dövlətin, yaxud hansısa hərbi blokun uzun müddət mütləq liderliyini qoruyub saxlaması mümkün deyil. Çünki dünyada müxtəlif hərbi-siyasi qüvvələrin hər birinin geosiyasi proseslərə təsir imkanlarının artması və hazırkı "birqütblü" sistem çoxsaylı beynəlxalq qlobal problemlər, regional münaqişə və mübahisələr yaradır ki, bu cür vəziyyətdən çıxış yolu isə beynəlxalq münasibətlərin "çoxqütblülük" şəraitində inkişaf etməsi ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB