Bakıda Dayanıqlı İnkişafa nail olmağın məqsədləri müzakirə olunub SƏS TV

Bakıda Dayanıqlı İnkişafa nail olmağın məqsədləri müzakirə olunub SƏS TV

Bu gün Bakıda "Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə və digər rəsmi qonaqlar iştirak edib.

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin sentyabrında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş, 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. DİM-dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı müvafiq Fərmana əsasən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin olunmasıdır. Ötən müddət ərzində Milli Əlaqələndirmə Şurasının Katibliyi, müxtəlif sahələr üzrə işçi qrupları yaradılıb, iclaslar keçirilib və digər tədbirlər görülüb.

Azərbaycanın DİM-in reallaşdırılması üçün gördüyü işlərin BMT tərəfindən yüksək qiymətləndirildiyini deyən Ə.Əhmədov bildirib ki, proqram çərçivəsində 2030-cu ilə qədər DİM-in həyata keçirilməsi üçün hesabatlar hazırlanacaq və quruma təqdim olunacaq.

Tədbirdə "Dayanıqlı İnkişafa nail olmaqda elmin rolu" haqqında, videoçarx nümayiş olunub.

Daha sonra panel müzakirələrinə, təqdimatlara və müzakirə olunan məsələlərlə bağlı sual-cavablara yer ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə