Hikmət Hacıyev: “Fransa ilə yüksək səviyyəli siyasi dialoq qurulub” AÇIQLAMA
"Ümumiyyətlə 2017-ci ildə Azərbaycan Respublikası ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur. Təbii ki, bununla bağlı da Azərbaycan Prezidenti İlham Əliyevin fransalı həmkarı Fransua Ollandın dəvəti əsasında bu ölkəyə rəsmi səfəri həyata keçirilmişdi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN sözçüsünün sözlərinə görə, rəsmi səfər çərçivəsində ölkə rəhbərinin Fransanın prezidenti ilə birgə görüşü oldu və mətbuat qarşısında hər iki prezident çıxış etdilər: "Bundan əlavə Prezidentimizin Fransa Senatının və Fransa Milli Assambleyasının rəhbərləri ilə görüşləri oldu və bu ölkənin işgüzar dairələri ilə geniş fikir mübadiləsi aparıldı. Ümumiyyətlə Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdirilməsi baxımından bu səfər əlahiddə bir əhəmiyyətə malikdir. Son 25 il ərzində iki ölkə arasında çox yüksək səviyyəli siyasi dialoq qurulub. Dövlətimizin başçısı və Fransa prezidenti arasında aparılan fikir mübadiləsi və müzakirələr də bu siyasi dialoqun ən yüksək səviyyədə olmasının göstəricisidir. Praktiki əlaqələrə gəldikdə isə Azərbaycan və Fransa arasında iqtisadi sahədə əməkdaşlıq inkişaf edir. Hal-hazırda bir sıra Fransız şirkətləri Azərbaycanda 26-dan artıq müxtəlif layihədə supodratçı qismində iştirak edirlər. Bu, elektrik enerjisi, su təchizatı, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Bundan əlavə iki ölkə arasında informasiya, kommunikasiya texnologiyaları, Azərbaycan peykinin "Azərspace"in məhz Fransanın "Alyan" aerokosmik şirkəti vasitəsilə fəzaya çıxarılması bütün bunlara bariz nümunədir. Eləcə də Fransanın "Total" şirkəti və s. Azərbaycanın neft və qaz sektorunda aktiv şəkildə cəlb olunublar. Abşeron strukturunun inkişaf etdirilməsi, oranın qaz potensialının Avropa bazarlarına çıxarılması baxımından iki ölkə arasında yaxşı əlaqələr qurulub.
Humanitar sahədə əlaqələrə gəldikdə isə burada Heydər Əliyev Fondunun Prezidenti və hal-hazırda Azərbaycanın birinci vitse-prezidenti olan Mehriban xanım Əliyevanın xüsusi rolu qeyd olunmalıdır. O, Fransada Azərbaycan mədəniyyətinin, həqiqətlərinin təbliği və təşviqində, Fransanın regionları ilə Azərbaycan arasında əlaqələrin qurulmasında əlahiddə şəkildə öz töhfələrini verib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda Fransız dili məktəbi fəaliyyət göstərir. Eləcə də Fransız dili universiteti də tez bir zamanda öz fəaliyyətinə başlayıb ki, bunlar da iki ölkə arasında əlaqələrin humanitar ölçülərinin inkişının bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB