Hikmət Babaoğlu: "Demokratiya Avropa üçün həqiqətən bir silahdır" MÜNASİBƏT
"Bu günlərdə Türkiyə ilə Hollandiya və Almaniya arasında baş verənlər beynəlxalq hüququn pozulmasıdır. Baş verənlər Avropanın təbliğ etdiyi dəyərlərin Avropa üçün keçərli olmamasının isbatıdır". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, hansı bir ölkənin nazirinin başqa ölkədə vətəndaşları ilə görüşməsi beynəlxalq hüquq, insan haqları, azadlıqları və etika baxımından məqbuldur: "Buna yol verilməməsi insan hüquqlarının pozulması, Avropa dəyərlərinin gözdən salınmasıdır. Bu hadisələr Avropa imperializminin arxasında gizləndiyi dəyərlərlə manipulyasiya imkanlarını azaldır. Bu, bir daha göstərir ki, insan hüquqları başqa dövlətlərə təzyiq üçün bir mexanizmdir. Belə olmasa idi, Almaniya və Hollandiyada yaşayan türklər öz nazirləri il görüşmək imkanı əldə edər, Türkiyəyə qarşı təzyiq ənənə halına gəlməzdi".
H.Babaoğlu bu hadisələrin beynəlxalq münasibətlərdəki aktorlar üçün Avropada nəyin baş verdiyini dərk etmələri baxımından bir nümunə olduğunu qeyd edib: "İnsan hüquqları, azadlıqlar kimi dəyərlər Avropa üçün başqa ölkələrə təzyiq etmək vasitəsidir. Hələ ötən əsrin 50-ci illərində Çörçil deyirdi ki, demokratiya Avropanın uzaqvuran silahıdır. Bu gün baş verənlər göstərdi ki, demokratiya Avropa üçün həqiqətən bir silahdır. Biz gözləyirik ki, insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar buna qarşı səsini qaldırsınlar. İnsan hüquqlarını, söz azadlığını müdafiə edən beynəlxalq hüquq təşkilatları niyə susurlar? İnsan hüquqları ilə bağlı ixtisaslaşmış qurum olan Avropa Şurası niyə öz səsini qaldırmır? Avropa bu dəyərlərə sadiqdirsə, Avropanın regional təşkilatları və beynəlxalq təşkilatlar bunu qınamalıdırlar. Əks halda bu göstərəcək ki, insan hüquqları onlar üçün bir istismar vasitəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB