“Gürcüstan regionda ikitərəfli əməkdaşlığın tərəfdarıdır” MÜNASİBƏT
"Gürcüstan regionda üçtərəfli deyil, 2 ikitərəfli əməkdaşlığın tərəfdarıdır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri K.Karapetyan Gürcüstanda təntənəli qəbuldan və əldə olunmuş razılaşmalardan hədsiz razılığını və səfərin belə uğurla keçəcəyini gözləmədiyini bildirdi: "Bütün məsələlərin, o cümlədən Yuxarı Lars marşrutunun alternativi məsələsinin onun baş nazir K.Kvirikaşvili ilə görüşündə həllini tapdığını bildirdi. Ermənistan-Gürcüstan arasında son yaxınlaşması və Yuxarı Lars marşrutunun alternativi barədə bəzi ümumiləşdirmələri təqdim edirik:
Tbilisi Türkiyə və Azərbaycandan narazıdır. Türkiyə prezidenti R.T.Ərdoğanın verdiyi bəzi bəyanatlar rəsmi Tbilisi tərəfindən Gürcüstanın ərazi bütövlüyünə təhdid kimi qəbul edilir. Türkiyəni özünə qarşı təhlükə kimi görən Gürcüstan Rusiya ilə yaxınlaşma kursunu götürüb. Bunun üçün Gürcüstan və Rusiya arasında kommunikasiyaların açılmasını vacib faktor kimi ortalığa qoyur. Rusiya isə indi əks mövqedədir. Gürcüstanın Abxaziya və Osetiya vasitəsilə kommunikasiya açması təklifini əvvəlcə bu subyektlərlə razılaşdırmağı təklif edir. Bu barədə RF XİN mətbuat xidmətinin rəhbəri M.Zaxarovanın "Cənubi Osetiya XİN-nin" bəyanatına verdiyi cavanda aydın göstərilir. Cənubi Osetiya və ya Abxaziya adından verilən belə bəyanatların mahiyyəti bəllidir. Vaxtilə Rusiya hətta prezident V.Putin gürcü-abxaz dəmir yolunun açılmasını xahiş etsə də, Gürcüstan tərəfi bunu rədd etdi. İndi Gürcüstan tərəfi kommunikasiyaların açılmasını özü təklif edir. Amma Rusiya maneçilik törədir. Q.Kvirikaşvilinin tələm-tələsik K.Karapetyanın Gürcüstana dəvət etməsində əsas məqsədi Ermənistanı Gürcüstanla Rusiya arasında kommunikasiyaların açılması prosesinə qoşmaqdır. Çünki Gürcüstanla Rusiya arasında belə kommunikasiyaların açılması Ermənistan üçün həyati əhəmiyyətlidir. Ermənistanın baş naziri K.Karapetyan kommunikasiyaların açılması məsələsinin tam razılaşdırdığını sevinclə bildirdi, amma detalların hələ açıqlanmayacağını bəyan etdi.
ABŞ-ın vitse-prezidenti C.Pens Münhendə Gürcüstanın baş naziri Q.Kvirikaşvili ilə görüşdü. Bu görüşdən bir neçə həftə öncə Gürcüstanın Xİ naziri M.Canelidze Vaşinqtona səfər etmişdi. Gürcü rəsmiləri Cənubi Qafqazda regional əməkdaşlığın ABŞ üçün prioritet olduğunu başa düşüblər. Amma klassik anlamdakı üçtərəfli əməkdaşlıq Gürcüstanın maraqlarına uyğun deyil. Əgər Azərbaycan və Ermənistan əməkdaşlıq etməyə başlayacaqlarsa, bunu Gürcüstan özü üçün təhlükəli hesab edir. Çünki gürcülərin fikrincə, ədavət olmasına baxmayaraq ermənilər və azərbaycanlılar mental baxımdan bir-birinə yaxındırlar. Üçtərəfli regional əməkdaşlıq formatında erməni və azərbaycanlıların əməkdaşlığı gürcülərlə olan əməkdaşlığa nisbətən daha prioritet olacaqdır. Ona görə gürcülər öz variantlarını ortalığa qoyurlar.
Gürcülər Azərbaycan-Ermənistan-Gürcüstan əməkdaşlığına "yox", Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan əməkdaşlığına isə "hə" deyirlər. Ona görə gürcülər erməniləri yanlarına çağıraraq onlara regional korporasiya adlı şirnikləşdirici təklif verdilər. Bu təklifin reallaşmasının məntiqi nəticəsi kimi Rusiya ilə Gürcüstan, beləliklə Rusiya ilə Ermənistan arasında kommunikasiyalar açılmış olur.
Ermənistan baş nazirinin Yuxarı Larsın alternativi məsələsinin həll olunduğunu əminliklə bildirməsi Gürcüstanın ictimai-siyasi mühitində ajiotaj yaratdı. Baş nazirin müavini K.Kaladze iki ölkənin baş nazirlərinin Tbilisidə görüşü zamanı Abxaziya dəmir yolunun açılmasının müzakirə olunmadığını bildirdi. Bir müddət keçmiş Gürcüstan hökuməti Daryal dağ dərəsində 1200 metr uzunluğunda tunelin tikilməsi üçün tender elan etməklə bağlı qərar qəbul etdi. Gürcüstan hökumətinin Daryal tunelinin tikilməsi barədə qərarı ictimaiyyəti çaşdırmaq üçün nəzərdə tutula bilər. Daryal tunelinin tikintisi Yuxarı Larsın alternativi deyil. Çünki Daryal tuneli Yuxarı Larsın fəaliyyətini asanlaşdıra bilər. Bu tunel qar uçqunlarından kənar yol deməkdir. Amma Daryal tuneli və ya Dağıstan yolu təkcə texniki deyil, həm də gürcü prizmasından təhlükəsizliklə bağlı problem yarada bilər. Rusiyanın digər regionları Gürcüstanla yeni yolların tikilməsin də ciddi maraqlıdır. Gürcüstanın rəsmiləri əvvəllər belə variantı özləri üçün təhlükə hesab edirdilər.
Hadisələrin belə inkişafı Ermənistan baş naziri və Nəqliyyat naziri əvvəlki bəyanatlarını təkzib etdilər. Alternativ variant dedikdə Abxaziya dəmiryolunun və Cənubi Osetiyadan avtomobil yolunun nəzərdə tutulmadığını bildirdilər.
Tarixin maraqlı istehzası var. Ermənistan baş nazirinin Gürcüstana səfəri fevralın sonuncu on günlüyünə düşmüşdü. 1921-ci ildə sovet Rusiyası məhz ermənilərin əli ilə Gürcüstanda iğtişaş yaradıb qoşunlarını yeritmişdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB