"Azərbaycan danışıqları dayandırmaqla son həddə olduğunu bəyan edir" AÇIQLAMA

"Azərbaycan danışıqları dayandırmaqla son həddə olduğunu bəyan edir" AÇIQLAMA

"Ermənistan de-fakto vəziyyətini saxlamaqda maraqlıdır. Onlar 20 ildən çoxdur ki, ildə bir və ya iki dəfə XİN, ölkə başçıları səviyyəsində danışıqlar adı altında görüş təşkil edərək yeni imkanlar və müddətlər qazanmağa çalışırlar. Biz isə torpaqlarımızın işğaldan azad olunmasına, beynəlxalq hüquq normalarına əməl olunmasında maraqlıyıq. Belə olan halda, Azərbaycanın danışıqları dayandırması normaldır". Bunu SİA-ya açıqlamasında deputat Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə danışıqlar masasında əyləşib, müddət qazanmaq yalnız Ermənistan sərf edir: "Əgər onlar cəbhə bölgəsində şəhid olan insanların meyitlərini vermək istəmir, aylarla saxlayırlarsa, hər gün atəşkəsi pozub, snayperlərdən istifadə edirlərsə, o zaman hansı danışıqlardan söhbət gedə bilər? Azərbaycan bu vəziyyətlə barışa bilmədiyi üçün danışıqları hazırkı vəziyyətdə tamamilə kəsib. Əgər ATƏT-in Minsk qrupunun ölkələri başda Rusiya olmaqla məsələnin sülh yolu ilə həllini istəyirlərsə, o zaman real nəticələr əldə etmək üçün danışıqları bərpa edə bilərlər. Əks halda, danışıqlar adı altında hər gün atəşkəsi pozub, tez-tez tərəflərə itki vermək, hücumlar etmək yolverilməzdir".

Ç.Qənizadə söyləyib ki, Azərbaycan danışıqları dayandırmaqla son həddə olduğunu bəyan edir: "Bununla da Azərbaycan məsələnin sülh yolu ilə həll olunmasında Ermənistanın maraqlı olmadığını bir daha bildirmiş olur".

Deputatın fikrincə, cəbhədə baş verənlər Ermənistanda cinayətkar Sarkisyan rejiminin öz xalqını aldatmaqla məşğul olması deməkdir: "Onlar apreldə baş tutacaq seçki ərəfəsindən hansısa siyasi xal qazanmaq üçün tez-tez hücumlar edir, itkilərini gizlədir, pafoslu bəyanatlar edərək erməni cəmiyyətinin, xalqının fikrini yayındırmağa çalışırlar. Lakin Ermənistan xalqı, əhalisi bu rejimi çox yaxşı tanıyır, şəhid anaları, müxalifət başda olmaqla onlar hakimiyyətin cinayətkar olduğunu bilirlər. Belə cinayətkar rejimlə danışıqlar aparmaq mümkün deyil".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxışında bildirib ki, Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb: "Ermənistan tərəfi danışıqlara getmir Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur".

Bütün xəbərlər Facebook səhifəmizdə