Mübariz Əhmədoğlu: “Rusiya İran üçün favorit dövlətə çevrilib” MÜNASİBƏT

Mübariz Əhmədoğlu: “Rusiya İran üçün favorit dövlətə çevrilib” MÜNASİBƏT

"Rusiya hal-hazırda İran üçün favorit dövlətə çevrilib. İrana qarşı xaricdən olan ən böyük təzyiq ABŞ tərəfindəndir. Donald Tramp İranı terrorçu dövlət adlandırdı və onun İranı hədələməsinə cavab olaraq İran tərəfi ballistik raketlərin sınağını keçirdi. ABŞ İrana xəbərdarlıq etdi və raket sınağının BMT TŞ qətnamələrinə zidd olduğunu bildirdi". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, D.Tramp İrana qarşı atdığı addımlar barədə əvvəlcədən anons etməyəcəyini bildirdi: "ABŞ İrana qarşı gözlənilmədən hərbi əməliyyatlara başlaya bilər. ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşündə də əsas müzakirə mövzusu ABŞ-ın bu regionda keçirdiyi hərbi əməliyyatlara Rusiyanın müdaxilə etməsinin arzuolunmazlığını onun diqqətinə çatdırmaq idi. İran vəziyyəti başa düşür, həm hərbi təlimlər keçirməklə həm də Rusiya ilə münasibətləri yaxşılaşdırmaqla ABŞ-a cavab verir. RF Xİ naziri Münhen Təhlükəsizlik Konfransında İranın Xİ naziri C.Zəriflə bağlı qapı arxasında görüş keçirdi. Trampın hədələrinə görə İran yenidən Rusiyaya sığınır. Amma İranın formalaşmış siyasi praktikasında Rusiyaya rəqib kimi, yuxarıdan aşağı baxmaq hələ də davam edir. İranda Avropa və Rusiya nazirlərinə tam fərqli münasibət var. Avropanın ən kiçik dövlətindən gələn nazirlər İranda prezident səviyyəsində qəbul olunur. Rusiyanın baş nazirin müavini D.Roqozinin yaxınlarda İrana səfəri təxirə salındı. Müxtəlif səbəblər göstərilsə də səfər proqramı aşağılayıcı formada hazırlanmışdı. Rusiyanın Baş Nazirinin müavini İranda heç bir nüfuzu olmayan ştatdan kənar vitse-prezidentlə görüşməli idi.

İran Rusiya ilə iqtisadi əlaqələrinə yeni məzmun və dinamizm verib. Buşer AES-in ikinci növbəsinin tikintisi üçün İran Rusiyaya 185 milyon avro avans verdi. Lavrovun fikrincə, İran heç vaxt terrorçuluğu dəstəkləməyib.

RF enerji naziri A.Novak İranda səfərdə oldu. İran 12 ədəd Suxoy Superjet-100 təyyarəsi almaqla bağlı danışıqlara başladı. Rusiya İranın cənubunda "Sirik" istilik elektrik stansiyası tikəcəkdir. Ümumi məbləğ 1,4 milyard dollardır. Stansiyanın tikintisində istifadə olunan material, avadanlıq və texnologiyaların 70 faizi Rusiya məhsulu olacaq.

A.Novak RF-Gürcüstan-Ermənistan-İran elektrik enerjisi koridorunun texniki əsaslandırmasını müzakirə etdi. İran tərəfi Novakın səfəri zamanı Rusiya qazının Azərbaycan Respublikası vasitəsilə İrana svop əməliyyatlarının müzakirəsindən imtina etdi. Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərin üçtərəfli forumu zamanı razılaşdırılan məsələlərdən biri də bu idi: Rusiya İranın Fars körfəzində sıxılmış qaz zavodu tikərək İran qazından xammal kimi istifadə etməklə dünya bazarına satış məqsədi ilə öz məhsulu kimi çıxarır. Əvəzində RF həmin miqdarda qazı Azərbaycan Respublikası ərazisi vasitəsilə İranın şimal regionlarına nəql edir. Nəticədə İranın şimal regionun qazla təminatındakı problemlər aradan qaldırılır. İranın şimal regionunda yaşayanların azərbaycanlı olduğunu nəzərə alaraq bundan imtina etdi.

İran yenidən Rusiyaya öz hava məkanından istifadəyə icazə verə biləcəyini bəyan etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə