“Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” YENİLƏNİB
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, deputatlar, təhsil müəssisələrinin rəhbərləri, tələbələr iştirak ediblər.
Konfransdan öncə, DTX-nın Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin "Biz terrora "yox" deyirik" mövzusunda rəsm işlərinin, həmçinin müvafiq ədəbiyyat, təbliğat vasitələrinin sərgisinə baxış keçirilib.
Sonra çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev deyib ki, Azərbaycan terrora qarşı mübarizə aparan ölkədir. O, dünyadakı zərərli meyillərə diqqət çəkərək bildirib ki, terrorla mübarizənin əsas istiqamətlərindən biri də maarifləndirmədir: "Azərbaycan bu istiqamətdə ciddi işlər görür. Dövlətimiz terrorla mübarizə aparan ən aktiv ölkələrdəndir".
M.Quliyev qeyd edib ki, Azərbaycan həssas coğrafi məkanda yerləşir: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənistan terror aktları törədib, Azərbaycanın minlərlə vətəndaşı öldürülüb. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır, Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib ki, Azərbaycanda gənclər siyasəti prioritet istiqamətlərdən biridir. O qeyd edib ki, Azərbaycan dövləti gəncləri idarəçilikdə önə çəkir, onlara dəstək verir.
Təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycanda aparılan gənclər siyasətindən söz açıblar. Bildirilib ki, Azərbaycan radikalizmə, terrorçuluğa qarşı mübarizə aparır, bununla bağlı tədbirlər keçirir.
Tədbirdə səslənən fikirlər və təkliflər ümumiləşdirilərək, aidiyyatı dövlət orqanlarının terrorçuluq, ekstremizm və radikalizmə qarşı mübarizəsinə cəmiyyətin dəstəyinin daha da gücləndirilməsi baxımından gənclərdə dövlətçilik ruhunun yüksəldilməsi, ictimai fəallığının artırılması üçün müvafiq strukturlar və qurumlar tərəfindən əlavə kompleks tədbirlərin təşkili, o cümlədən bu istiqamətdə yeni profilaktik vasitələrin hazırlanmasının məqsədəuyğunluğu barədə zəruri tövsiyələrin işlənilməsi və təqdim olunması qərara alınıb.
Sonda konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB