“Beynəlxalq birlik sülh istəyirsə, Ermənistana təzyiq göstərməlidir”

“Beynəlxalq birlik sülh istəyirsə, Ermənistana təzyiq göstərməlidir”

"Ermənistanın cəbhədə təxribatlar törətməsinə səbəb aprel hadisələrinin əvəzini çıxmaqdır. Amma hər dəfə də ağır itkilər verib, geri çəkilirlər". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. O bildirib ki, cəbhədə bu səbəbdən vəziyyət gərgindir, beynəlxalq təşkilatlar eskalasiyanın, müharibənin olmamasını istəyirlərsə, işğalçı dövlətə konkret sanksiyalar tətbiq etməlidirlər: "BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsi iki saata yerinə yetirildi, amma Dağlıq Qarabağa dair qəbul edilmiş qətnamələr 20 ildən çoxdur ki, yerinə yetirlməyib. Əgər beynəlxalq birlik sülhə maraqlıdırsa, Ermənistanı işğal edilmiş torpaqlardan çıxmağa məcbur etməlidirlər. Əks halda, başqa alternativlər yoxdur. Azərbaycan xalqında, cəmiyyətində, gənclərimizdə bir rəy formalaşıb, bu da qısa müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsidir. Bizim güclü dövlətimiz, güclü ordumuz var. Prezidentimizin qətiyyəti ortadadır. Ermənistan konstruktiv mövqe tutmur, heç bir güzəştə getmir. Azərbaycan işğala məruz qalmasına baxmayaraq illərdir danışıqlar aparır, beynəlxalq hüquqa hörmətlə yanaşır. Bütün dünya bizim ərazi bütövlüyümüzü tanıyır".

Ekspert əlavə edib ki, Ermənistanda aprel seçkiləri ərəfəsində daxili vəziyyət çox gərgindir: "Əvvəl İrəvan və Qarabağ klanı arasında parçalanma var idisə, indi Qarabağ klanında da parçalanma başlayıb. Koçaryan-Sarkisyan-Ohanyan arasında böyük ziddiyyət yaranıb. Ermənistan rəhbərliyi daxili vəziyyətdən, böhrandan cəmiyyətin fikrini yayındırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirir. Bu isə əks effekt verir, Emənistan ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur olur".

Bütün xəbərlər Facebook səhifəmizdə