Osman Gündüz: “Azərbaycanın maraqlarına zidd informasiyaları yayanlara qarşı sərt mövqe sərgilənməlidir” AÇIQLAMA
"Həm ötən ilin aprelində, həm də bu ilin fevralında cəbhədə baş verən hadisələrdən sonra internet media və sosial şəbəkələrdə Azərbaycanın maraqlarına uyğun olmayan hərbi informasiyaların yer alması müşahidə olundu. Bu, qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Belə problemlərin həllini də qanunvericiliyə uyğun həyata keçirmək lazımdır. Azərbaycan hüquqi dövlətdir. Burada bütün məsələlər hüquqa söykənir". Bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O qeyd edib ki, internet media və sosial şəbəkələrdə Azərbaycanın maraqlarına uyğun olmayan təxribat xarakterli məlumatlar, hərbi əməliyyatlar barədə informasiyalar, hərbi sirrlərin yayılmasının qarşını almaq üçün maarifçilik istiqamətində işlər daha da çoxaldılmalıdır: "Hazırda Azərbaycanda hərbi vəziyyətlə bağlı qanunvericilik aktı hazırlanır. Bu qanun layihəsi Milli Məclisdə artıq iki oxunuşdan keçib. Orada internet media və sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı müəyyən müddəlar öz əksini tapıb. Eyni zamanda Müdafiə Nazirliyi, Mətbuat Şurası və digər qurumların da bununla bağlı tövsiyəedici açıqlamaları var. Bilməyərəkdən belə işlər görənlərin qarşısını maarifləndirmə ilə almaq olar. Ancaq məqsədyönlü şəkildə Azərbaycanın maraqlarına zidd informasiyaları yayanlara qarşı daha sərt mövqe sərgilənməlidir. Artıq bununla bağlı aidiyyəti dövlət qurumları monitorinqlər aparırlar və qanunvericiliyə uyğun olmayan informasiyaların yayılması ilə əlaqədar bəzi internet resurslara xəbərdarlıq edilib".
O.Gündüz sosial şəbəkələrdə saxta profillərlə qeyri-qanuni informasiyaların yayılmasının qarşısını almaq üçün müəyyən addımların atılmalı olduğunu bildirib: "Öncə bununla bağlı monitorinqlər və araşdırmalar aparılmalıdır. Nəhəng sosial media qurumlarının rəhbərlikləri ilə əlaqələrin güncləndirilməsi, həmin resursların ölkəmizdə nümayəndəliklərinin açılması, onlarla daha yaxından əməkdaşlıq belə məsələlərin qarşını almaqda kömək edə bilər. İctimai, məsul şəxslər, siyasətçilər, dövlət məmurları, dövlət qurumları daha çox sosial mediaya inteqrasiya etməlidirlər. Dövlət qurumları sosial media, internet üzrə daha peşəkar mütəxəssisləri cəlb edib və bu sahədən daha effekktiv istifadə etməlidirlər. Faydalı informasiyalar çox olanda fayddasızlar itib-batırlar. Azərbaycanın maraqlarına uyğun olan informasiyalar daha tez və çoxlu şəkildə sosial şəbəkələrdə yayılmalıdır ki, faydasızları sıradan çıxarsın".
Onun sözlərinə görə, sosial mediada Azərbaycanın maraqlarına zidd olan informasiyaların yayılmasının qarşısını almaqla yanaşı, bu sahənin inkişafına da diqqət ayrılmalıdır: "Çünki sosial media Azərbaycanın haqq səsi və ölkəmizin inkişafı istiqamətinə məlumatları dünyaya çatdırmaq üçün mühüm vasitədir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər zamanı bəzi qurumlar ölkəmizə qarşı qarayaxma kampaniyası keçirəndə sosial şəbəkələr və internet media haqlı mövqelərimizin qorunmasında müstəsna rol oynadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB