Dağlıq Qarabağda separatçı rejimin məhv edilməsi terrorizmə qarşı mübarizənin başlanğıcı olacaq
Dağlıq Qarabağda separatçı rejimin məhv edilməsi beynəlxalq terrorizmə qarşı real mübarizənin başlanğıcı olacaq.
Məşhur qafqazşünas tarixçi və siyasi analitik, Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda çoxsaylı məqalələr müəllifi, tarix elmləri namizədi Oleq Kuznetsov bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ümumrusiya Azərbaycanlılar Konqresinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Nijni Novqorod regional bölmələri tərəfindən bu şəhərdə təşkil edilmiş tədbirdəki çıxışında söyləyib.
Onun sözlərinə görə, keçmiş sovet ordusunun Xankəndində dislokasiya edilmiş 366-cı motoatıcı alayının ikinci batalyonu Azərbaycan ordusunun müqavimətini qırmalı olan zərbə qüvvəsi idi. O.Kuznetsov deyib: "Bu alayın şəxsi heyətinin əksəriyyəti faktiki olaraq fərarilik edən ermənilər idi. Onlar "Arabo" dəstəsi ilə əlbir olaraq Xocalı sakinlərinə qanlı divan tutublar. Qeyd etmək lazımdır ki, "Arabo" dəstəsinin komandiri SSRİ vətəndaşlığı olmayan Suriya vətəndaşı Manvel Yegizaryan idi. Azərbaycan ərazisinə gətirilmiş bu beynəlxalq terrorçular xaricdə formalaşdırılaraq ASALA və digər erməni terror təşkilatlarının tərkibində məqsədyönlü şəkildə SSRİ ərazisinə göndərilmiş qanunsuz dəstələr idi. Amerika xüsusi xidmətləri dünyanın müxtəlif ölkələrində terror aktlarının həyata keçirilməsi sahəsində çox böyük təcrübəyə malik olan bu terrorçulardan Sovet İttifaqı dövlətçiliyini zəiflətmək məqsədilə bacarıqla istifadə edirdilər. Radikal əhval-ruhiyyəli bu erməni terrorçular, məsələn, 1977-ci ilin yanvarında Moskva metrosunda terror aktı törədiblər, 1971-ci ildə "Terrorizm və terrorçular" adlı məcmuə tərtib etmiş Stepan Zatikyan antisovet təbliğatına görə 1972-ci ildə Ermənistan DTK tərəfindən məhkum edilib, bədnam KRUNK təşkilatı isə ümumiyyətlə Ermənistan DTK-nın binasını zəbt etməyə cəhd göstərib. Erməni terror qruplaşmalarının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətində olmasını sübut edən daha bir fakt göstərim: məşhur erməni terrorçu, ABŞ vətəndaşı, MKİ-nin əməkdaşı olmuş Monte Melkonyan Dağlıq Qarabağda nələr baş verməli olduğunu hələ bütün bu hadisələrdən əvvəl açıq-aydın söyləyirdi və təəssüf ki, belə də oldu. Bütövlükdə, həmin dövrdə ABŞ MKİ-də 6-8 min peşəkar erməni terrorçu xidmət edirdi. Dağlıq Qarabağda müharibə əcnəbilər – beynəlxalq terrorçular tərəfindən aparılırdı. Orada bu hadisələr eynilə sonradan Şimali Qafqazda və indi Suriyada həyata keçirilən ssenari üzrə şəkildə inkişaf edirdi. Həmişə də enerji resursları ilə zəngin regionun - Şimali Qafqazda Çeçenistanın, Cənubi Qafqazda isə Azərbaycanın seçilməsi heç də təsadüfi deyildi".
Tarixçinin sözlərinə görə, çoxsaylı analogiyalara əsasən cəsarətlə demək olar ki, Qarabağda, Çeçenistanda və Suriyada müharibə eyni mərkəzdən - qərargahları ABŞ-da yerləşən transmilli korporasiyalar tərəfindən təşkil edilir. Oleq Kuznetsov sonda deyib: "Özlərini "Arsax" və "İŞİD" adlandıran bu kvazidövlətlər çox cəhətdən bir-birinə oxşayır. Hətta Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər də "işidçilərin" əməllərindən heç nə ilə fərqlənmir. Çeçenistanda və Suriyada baş vermiş hadisələrdən qabaq Azərbaycanın üzləşdiyi dəst-xətt eynidir – beynəlxalq terrorizm dəst-xətti. Buna görə də Dağlıq Qarabağda separatçı rejimin məhv edilməsi bütövlükdə beynəlxalq terrorizmə qarşı real mübarizənin başlanğıcı olacaq". AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB