"Xocalı Soyqırımı"nın 25 illiyi ilə bağlı anım tədbiri keçirilib

"Xocalı Soyqırımı"nın 25 illiyi ilə bağlı anım tədbiri keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Beynəlxalq Muğam Mərkəzinnin təşkilatçılığı ilə Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərək qeyd edib ki, bu hadisədən 25 il ötməsinə baxmayaraq Xocalı faciəsi yaddaşlarda daha da möhkəmlənib.

F.Hacıyev bu qanlı tarixin dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisələrin dünyada tanınması istiqamətində "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində mühüm tədbirlərin keçirildiyini qeyd edib.

Tədbirdə Xocalı həqiqətlərinin fədakar təbliğçisi jurnalist Şamil Sabiroğlu iştirak edib. O, gördüyü dəhşətləri təsvir edib.

Anım tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra" Gənclər Kamera Orkestrinın çıxışı ilə davam edib. Orkestri baş dirijor Prezident təqaüdçüsü Fuad İbrahimov idarə edib.

Tədbirdə hökumət rəsmiləri, mədəniyyət xadimlərin, ictimaiyyət nümayəndələri, gənclər təşkilatları və həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan qrant almış fiziki şəxslər iştirak ediblər.

Anım tədbirində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Matəm" odası, Vasif Adgözəlovun "Qərənfil" romansı, Fikrət Əmirovun "Nizami" simfoniyasının final hissəsi və tanınmış Alman bəstəkarı İohann Sebastian Baxın "Aria"sı səsləndirilib.

Tədbir Xocalı qurbanlarının əziz və əbədi xatirəsinə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə