Peru Konqresində Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb

Peru Konqresində Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb

Peru Respublikası Konqresində Xocalı soyqırımının 25-ci il dönümünə həsr edilmiş tədbir keçirilib. SİA-ya ölkəmizin Meksikadakı səfirliyindən verilən məlumata görə, tədbir Peru Konqresinin Peru-Azərbaycan dostluq qrupu və Azərbaycan Meksikadakı səfirliyinin Perunun Lima şəhərindəki ofisinin birgə təşəbbüsü ilə təşkil edilib. Tədbirdə dostluq qrupunun üzvləri olan konqresmenlər, Türkiyənin Perudakı səfiri, ölkənin ən nüfuzlu universitetlərinin rəhbərləri, həmçinin Peru KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Konqresdə Azərbaycan-Peru dostluq qrupunun sədri Dalmiro Felisiano Palomino Ortiz çıxış edib. O, uzun illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyi üçün təhdid yaratdığını deyib. Ortiz Azərbaycan ərazisinin 20% Ermənistan tərəfindən işğal altında olduğunu və xalqımıza qarşı yönəldilmiş etnik təmizləmənin nəticələri barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xocalı faciəsi zamanı yüzlərlə günahsız azərbaycanlının qətlə yetirildiyini və bu qətliamı 20-ci əsrin ən dəhşətli faciələrdən biri olduğu qeyd edilib. Bundan sonra Peru nümayəndəsi tədbir iştirakçılarına Xocalı qətliamı barədə məlumat verib. Eyni zamanda o, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini vurğulayıb.

D.Palomino Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pislədiyini vurğulayıb. Bununla belə Peru konqresmeni beynəlxalq təşkilatları Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmaq və Qafqaz regionunda sülh və əmin-amanlığı təmin etmək üçün zəruri addımlar atmağa çağırıb.

Daha sonra Azərbaycanın Meksikadakı səfirliyinin Perunun Lima şəhərindəki ofisinin nümayəndəsi Mehdi Məmmədov Erməninstan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü, həmçinin ayrıca olaraq Xocalı qətliamı barədə ətraflı danışıb. Diplomat qeyd edib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bildirib ki, dünya ictimaiyyəti getdikcə Xocalıda baş vermiş dəhşətli faciə ilə bağlı həqiqətlərlə tanış olur, bunun nəticəsində bir sıra ölkə və beynəlxalq təşkilatlar bu soyqırımı tanıyıb. O, məmnunluq hissi ilə Perunun həmin dövlətlər sırasında olduğunu qeyd edib. Bu kontekstdə təmsilçimiz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" kampaniyasının uğurla fəaliyyət göstərdiyini və dünyanın bir çox dövlətlərində Xocalı faciəsi həqiqətləri ilə bağlı məlumat çatdığını qeyd edib.

Tədbir zamanı Xocalı soyqırımı haqqında ispan dilində sənədli film nümayiş etdirilib. Qeyd edək ki, sözügedən tədbir Peru Konqresinin rəsmi internet səhifəsi, həmçinin sosial şəbəkələrindəki səhifələrində işıqlandırılıb. Bundan əlavə, Perunun televiziya kanallarından birində tədbir barədə qısa məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə