Sərhədsiz Reportyorlar Təşkilatından növbəti qərəz

Bu kimi təsadüfi təşkilatlar Qərbdə media adamlarına qarşı yaranan təhlükələri araşdırsalar daha məntiqli görünərdi
Sərhədsiz Reportyorlar Təşkilatından növbəti qərəz

Qərbdə fəaliyyət göstərən və zaman-zaman Azərbaycana qarşı qərəz kampaniyaları ilə çıxış edən bir sıra "insan hüquqları" və s. bənzər təşkilatlar sanki fəaliyyətlərini yalnız bu istiqamətdə qurduqlarının fərqində deyillər. Məsələn, "Sərhədsiz Reportyorlar"ın Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Yohan Bihr bildirib ki, Azərbaycan həbsxanalarında bu qədər jurnalistin saxlanıldığı halda Bakının beynəlxalq tərəfdaşları bu məsələlərə laqeyd qala bilməzlər (?!-R.R.).

Ancaq Yohan Bihr çox yəqin ki, özü də nə danışdığını bilmir. Çünki real faktlar onun tamamilə yalan danışdığını sübuta yetirir. Yəni faktlar da belə qənaətə gəlməyə zəmin yaradır ki, yalnız Azərbaycanı hədəfə alan bu kimi bənzər qurumlar məsələn, Ermənistanda, Gürcüstanda, Ukraynada, Rusiyada, Orta Asiya ölkələrində eləcə də digər post-sovet məkanlarında baş verən insan hüquqlarının, media nümayəndələrinin təqib olunmaları, döyülmələri, həbsə atılmaları barədə geniş hesabatlar hazırlamamaqla yanaşı, hədəflərinin məhz Azərbaycan olduğunu aşkar olaraq biruzə etdirməkdədirlər.

Əlbəttə ki, belə halların arxasında beşinci kolonun, o cümlədən onun nökərçilik etdiyi ermənipərəst qurumların əməyi dayanır

Məsələn, Ermənistanda medianın vəziyyəti barədə hər kəs məlumatlıdır. Gürcüstanda isə son zamanlar müstəqil televiziyalara qarşı sərt tədbirlər görülür və bu kimi halları digər ölkələrə də aid etmək olar. Sual yaranır ki, "Sərhədsiz Reportyorlar Təşkilatı" nəyə görə bu məsələlərlə bağlı heç bir tənqidi hesabatlar hazırlamır, ancaq ölkəmizdə müstəqil medianın azad fəaliyyətinə, xüsusilə radikal müxalifətə məxsus informasiya agentliklərində gedən sərt, qərəzli, dezinformasiya xarakterli yazı və məqalələrə rəğmən, hakimiyyətin bütün bunlara dözümlü yanaşmasına kölgə salmağa çalışırlar? Məqsəd bəllidir – güclü, demokratik ənənələrini inkişaf etdirən, dünyada söz sahibinə çevrilən Azərbaycanı bu kimi mühüm faktorlardan kənarlaşdırmaq, ya da izolə etmək. Və əlbəttə ki, belə halların arxasında beşinci kolonun, o cümlədən onun nökərçilik etdiyi ermənipərəst qurumların əməyi dayanır.

Maraqlıdır, Avropa ölkələrində, özəlliklə Qərbdə bənzər vəziyyətlərə qarşı necə davranılır?

Gəlin daha bir məsələyə yaxından diqqət edək. Sirr deyil ki, ölkəmizdə bəzi saxta jurnalistlər öz vəsiqələri, ayda-ildə bir neçə dəfə çıxan qəzetləri hesabına müxtəlif cinayət əməlləri törətməklə, dələduzluqlar etməklə, insanları şərləməklə, hədələməklə, şantajlar vasitəsilə "fəaliyyət" göstərirlər. Təbii ki, belə olan vəziyyətdə dövlətin müvafiq qurumları qanunlar çərçivəsində ölçülərini götürür və cinayət əməllərinə yol açan saxtakarları məsuliyyətə cəlb edir. Maraqlıdır, Avropa ölkələrində, özəlliklə Qərbdə bənzər vəziyyətlərə qarşı necə davranılır? Yaxud, jurnalist, media nümayəndəsi vəzifəsindən sui-istifadə edərək cinayət törədirsə, hətta dövlət maraqlarını satmaqla məşğul olursa onun yaşadığı ölkənin qanunları üzərində keçərli deyilmi?

Donald Tramp ona qarşı qərəz və şantajla məşğul olan, barəsində dezinformasiyalar yayan, hətta dünyaca məşhur olan "New York Times" və s. qəzetləri, eləcə də BBC, FOX kimi TV-ləri məhkəməyə verəcəyini bəyan edib

Sadə bir misal gətirək. Son zamanlar ABŞ prezidenti Donald Tramp ona qarşı qərəz və şantajla məşğul olan, barəsində dezinformasiyalar yayan, hətta dünyaca məşhur olan "New York Times" və s. qəzetləri, eləcə də BBC, FOX kimi TV-ləri məhkəməyə verəcəyini bəyan edib. Sabah ABŞ məhkəmələri adıçəkilən media orqanlarının əməkdaşları barəsində həbs qərarı çıxaracaqsa, bunu ABŞ- da demokratiyanın, insan hüquqlarının pozulması kimi qələmə vermək nə dərəcədə doğru olardı?

Yenə də bu ölkədə Barak Obamanın "Zəbt et" kampaniyaları dövründə, həmçinin zəncinin öldürülməsi ilə bağlı baş qaldıran Ferqyusson olaylarını işıqlandıran amerikalı və avropalı jurnalistlərin təqib olunmaları, hətta polis məntəqələrinə aparılaraq onlardan izahatların alınmaları, əldə etdikləri kadr və görüntülərin məhv edilməsi proseslərini hansı qanun çərçivəsinə yazmaq mümkündür? Və niyə "Sərhədsiz Reportyorlar Təşkilatı" sözügedən proseslər haqqında bir dəfə də olsa hesbat hazırlamamışdı?! Hadisələrin ABŞ-da baş verməsinə görəmi?

Bu gün Fransada, Belçikada və başqa Avropa ölkələrində jurnalist təşkilatları var ki, onlar heç də müstəqil olmadıqlarını bəyan edirlər. Yaxşı olmazdımı ki, "Sərhədsiz Reportyorlar Təşkilatı" iki gündən bir Azərbaycanı hədəfə alması yerinə ömründə bir dəfə real iş görərək, həmin hadisələri tənqid edən hesabatlar hazırlayardı? Təəssüf ki, belə olmayıb və olmayacağını bəri başdan proqnozlaşdırmaq mümkündür.

"Sərhədsiz Reportyorlar" bunu yazsa, Azərbaycanda media sahəsinin demokratik jurnalistika ənənələrini etiraf etməli olacaq

Bunun yerinə isə anti-Azərbaycan xarakterli bəyanatlar yayılır, hətta xuliqanlıq əməllərinə görə bir neçə sutkalıq həbs edilən blogerlər az qala dünyanın ən "əzabkeş jurnalisti" kimi təqdim olunur. Elçin İsmayıllı adlı şəxs də bu qəbildəndir, yəni "əzabkeş jurnalistlər" kateqoriyasından. Halbuki, bu adam ölkənin bölgələrinə gedərək, aşkar reket jurnalistikası ilə məşğul olub, dövlət nümayəndələrini şantaj edərək, onlardan qanunsuz yollarla pul əldə etməyə cəhdlər göstərib.

Dara düşdükdə isə yada düşüb ki, sən demə bu adam əvvəllər AXCP-nin mətbu orqanı sayılan "Azadlıq" qəızetində işləyib, ona görə də həbsə alınıb. Nə qədər məntiqsiz bir iddiadır deyilmi? Bu gün ölkənin iqtidar mətbuatında belə, vaxtilə müxalifət mediasında çalışan kifayət qədər jurnalistlər mövcuddur, o cümlədən əksinə... Onda "Sərhədsiz Reportyorlar Təşkilatı" buyursun bu barədə də yazsın. Ancaq bunu da gözləmək əbəsdir. Çünki bunu yazsa, Azərbaycanda media sahəsinin demokratik jurnalistika ənənələrini etiraf etməli olacaq. Yohan Bihr kimi erməni lobbisinə işləyənlərə isə belə məsələlər sərf etmir, bəs onda onun qərəzli hesbat əməllərinin pulunu kim verər?!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə