“Bu təyinat dövlətimizə yalnız uğur gətirəcək” MÜNASİBƏT

Aydın Hüseynov: "Mehriban xanım Əliyevanın bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanır və dəstəkləyirik”
“Bu təyinat dövlətimizə yalnız uğur gətirəcək” MÜNASİBƏT

"Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi xalqımızın böyük əksəriyyətinin ürəyindən oldu. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı kimi Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin, onun maddi və mədəni irsinin dünyada tanıdılmasında, vətəndaşların sosial, təhsil və səhiyyə problemlərinin həllində misli görünməmiş xidmətlər göstərib. Qətiyyətlə demək olar ki, bəli, Mehriban Əliyevanın belə bir mühüm dövlət postuna təyin edilməsi son zamanlar dövlət başçısı tərəfindən uğurla həyata keçirilən islahatların məntiqi davamıdır. Bu təyinat dövlətimizə, dövlətçiliyimizə yalnız uğur gətirəcək". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

YAP rəsmisi bildirib ki, Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir: "2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən, Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş miqyasda tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.

A.Hüseynov bildirib ki, Mehriban Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə də diqqətlə izlənməkdədir: "Onun gördüyü işlər dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, Polşa prezidenti tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Fransa prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi və digər belə mükafatlar onun fəaliyyətinin real qiymətidir".

Millət vəkili qeyd edib ki, Mehriban xanım Əliyeva Milli Məclisdə aministiya aktını hazırlamaqla azadlıqdan məhrum olunmuş çoxlu sayda insanın azadlığa buraxılmalarına nail olub: "Bu reallıq Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətini göz önündə canlandırır. Onun fəaliyyəti hər zaman diqqətdədir və Mehriban xanım Əliyevaya böyük etimad göstərilir. Yeni Azərbaycan Partiyasının V Qurultayında Mehriban Əliyevanın YAP-ın Sədr müavini vəzifəsinə irəli sürülməsi Mehriban Əliyevaya göstərilən daha bir etimad idi. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə daha bir məsuliyyətli vəzifəni icra etmək də əlavə olunub. Onun bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanır və dəstəkləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə