Fikrət Sadıqov: “Yeni təkliflər olsa, görüşün müsbət nəticələri ola bilər” MÜNASİBƏT

Fikrət Sadıqov: “Yeni təkliflər olsa, görüşün müsbət nəticələri ola bilər” MÜNASİBƏT

"Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada baş tutacaq görüşünü Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət tendensiya hesab etmək olar. Çünki erməni tərəfi artıq bir müddət idi ki, müxtəlif bəhanələr gətirərək görüşlərdən yayınır, danışıqlara gəlmək istəmirdi". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, artıq Ermənistan görüşdən qaçmağın mümkünsüz olduğunu anlayır: "Moskvada aparılacaq Qarabağ danışıqlarından böyük nəticə gözləmək düzgün olmaz. Çünki böyük nəticələr əsasən prezidentlər səviyyəsində keçirilən görüşlərdə baş verə bilər. Lakin ortaya yeni təkliflər qoyulsa, o zaman görüşün müsbət nəticələri ola bilər. Ümumilikdə Moskvada belə bir görüşün baş tutması, ölkəmizin diplomatik sahədə atdığı addımların müsbət nəticəsidir".

F. Sadıqov ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana təzyiq etmədiklərindən təəssüfləndiyini qeyd edərək bildirib ki, məhz bunun nəticəsidir ki, düşmən ölkə bir neçə gün bundan öncə qondarma qurum olan "DQR" da "referendum" adı ilə tamaşa qurdular.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada erməni həmkarı Edvard Nalbadyanla görüşəcək. Nazirlər ikitərəfli münasibətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da Rusiyaya səfəri planlaşdırılır. Rusiya XİN-in yaydığı məlumata görə, bu məsələ Lavrovun müavini Qriqori Karasinlə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu arasında keçirilən görüş zamanı müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə