Hacı Surxay Məmmədli: “Azərbaycan sülh carçısı, dini dözümlülük məkanıdır" MÖVQE

Hacı Surxay Məmmədli: “Azərbaycan sülh carçısı, dini dözümlülük məkanıdır" MÖVQE

"Ötən 2016-cı il ölkə başçısı İlham Əliyev tərəfindən multikulturalizm ili kimi elan olunmuşdu. Bu il isə Azərbaycanda İslam Həmrəyliyi ilidir və bu amil bir daha təsdiq edir ki, Azərbaycan müsəlman ölkəsi olaraq daim öz tolerantlığı, dini, məzhəbi dözümlüyü ilə digər ölkələrdən köklü şəkildə seçilib". Bu fikirləri SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidi dini icmasının rəhbəri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli sözügedən məsələyə münasibətini bildirərkən deyib.

Suraxy Məmmədlinin fikrincə, artıq uzun illərdir ki, Prezident İlham Əliyevin şəxsi tapşırığı və təlimatları əsasında ölkənin müxtəlif tarixi və dini əhəmiyyət kəsb edən məscidləri, pirləri, imamzadələri, çoxsaylı ibadət kompleksləri əsaslı şəkildə təmir edilərək, inanclı vətəndaşların istifadəsinə verilib: "Dövlət rəhbərimizin bu kimi mötəbər addımları əlbəttə ki, hər birimizi sevindirir və fərəhləndidir. Çünki uca Allah da buyurur ki, hər bir müsəlman dinin qorunmasına öz töhfəsini verməlidir. Bunu edən hər bir şəxs mütləq Yaradanımız tərəfindən mükafatlandırılacaq. Təbii ki, bizlər də ölkə rəhbərliyinin atdığı bu kimi sevindirici və əhəmiyyətli addımlardan bəhrələnməli, örnək götürməli və İslam dininin qorunmasında həmrəy şəkildə birləşməli, tolerantlıq və kultural dəyərlərimizin inkişafı baxımından dövlətimizdə yürüdülən siyasəti dəstəkləməliyik".

İcma rəhbəri Bakıda keçiriləcək növbəti İslam Oyunları ilə bağlı da fikir bildirərək deyib ki, ümumiyyətlə, İslam dini insanları bəşəriyyətə lazım olan bütün ali dəyərləri aşılayan, pisliklərdən, haram əməllərdən uzaqlaşdırmağa çağıran bir dindir: "Bu baxımdan, hesab edirəm ki, idmanla məşğul olmaq sağlam bədəndə sağlam ruha, sağlam düşüncəyə malik olmaq deməkdir".

İlahiyyatçının sözlərinə görə, idman eyni zamanda insanları Allah tərəfindən bəyənilməyən pis əməllərdən uzaqlaşdırır, onları bir araya gətirir, sülh və əminamanlığı təbliğ edir: "Azərbaycan da belə ölkələrdəndir, sülh carçısı və heç yerdə bənzəri olmayan dini dözümlülük məkanıdır, mərkəzidir. İslam Oyunlarının Vətənimiz Azərbaycanda, əsarəngiz paytaxtımız Bakıda keçirilməsi isə növbəti dəfə bu əhəmiyyətli amilləri, mühüm dəyərləri nəinki İslam dünyasına, eləcə də bəşəriyyətə aşılamış olacaq".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə