Elman Məmmədov: "ATƏT-in Minsk qrupu bunun qarşısını almalıdır" AÇIQLAMA
"Bildiyiniz kimi, qondarma "DQR" bu günə kimi heç bir dövlət və qurum tərəfindən tanınmayıb. Bu baxımdan tanınmayan separatçı, cinayətkarlar tərəfindən yaradılan bir qurumda "referendum"un keçirilməsi həm Azərbaycan, həm beynəlxalq qanunlara, həm də BMT-nin nizamnaməsinə ziddir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, sözügedən "konstitusiya islahatları"nın heç bir qanunu əsası olmadığı üçün legitim sayıla bilməz: "Cinayətkarlar, separatçıların Azərbaycanın tarixi torpaqlarında "referendum" keçirməsi heç kim tərəfindən qəbul olunmur və tanınmır. Lakin bütün Azərbaycan bu cür halların qarşısının alınması üçün müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir, bəyanatlar verir ki, onlar bunun qarşısını alsınlar. Sülhdən danışan beynəlxalq qurumlar xüsusilə də ATƏT-in Minsk qrupu bunun qarşısını almalıdır. Lakin onlar heç bir addım atmadıqda, Azərbaycan məcbur olub öz hərbi gücündən istifadə edərək, həmin cinayətkar separatçı qurumu ləğv edəcək. Belə olduqda onların qəbul etdiyi bütün qərarlar ləğv olunacaq və cinayətkarlar qanun qarşısında cavab verəcəklər".
E. Məmmədov əlavə edib ki, beynəlxalq təşkilatlar Ermənistanı susdurmaq əvəzinə, 25 ildir ki, himayə edirlər: "Bu azmış kimi, onlar bizim ərazimizdə fəaliyyət göstərən cinayətkar separatçı qurumu müdafiə edir, onlara yardım ayırmaqla onun ömrünün uzadılmasına kömək edirlər. Belə olan halda, onlar Azərbaycanı bu himayədarlığın üzərindən xətt çəkib, öz torpaqlarını işğaldan azad etməsi üçün hərbi gücdən istifadə etməyə təhrik edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB