Milli Məclisdə ailədaxili münaqişələr müzakirə edilib TƏDBİR

Milli Məclisdə ailədaxili münaqişələr müzakirə edilib TƏDBİR

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi "Ailədaxili münaqişələrin yaranma səbəbələri və onların aradan qaldırılması yolları" mövzusunda dəyimi masa keçirib. SİA-nın xəbərinə görə, ailə institutunun formalaşmasında adət-ənənələrimiz silsiləsində keçirilən dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Daxili İşlər, Ədliyyə, Səhiyyə nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndələri, Milli Məclisin deputatları, icra hakimiyyəti başçılarının müavinləri və digərləri iştirak ediblər.

Dəyirmi masada ilk çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, cəmiyyətin inkişafı ailənin sabitliyindən asılıdır. Onun sözlərinə görə, cəmiyyət həmişə ailənin möhkəm qurulmasına çalışır: "Ailə münasibətlərinə təsir edən bir çox amillər var. Bu münasibətlərin korlanması cəmiyyətə birbaşa təsir edir. Əsas məsələ münasibətlərin düzgün, vaxtında təhlil edilməsi, aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır. Ölkəmizdə ailə, qadın və uşaq məsələri ilə bağlı mükəmməl qanunvericilik var. Ailə münasibətlərinin bütün çalarlarını qanunla tənzimləmək mümkün deyil. Çünki hər bir ailənin öz qanun və qaydaları var. Bəzən böyük ailələrin daxilində kiçik ailələr olur ki, onlar bir-birindən asılı vəziyyətdə qalırlar. Bəzən də böyüklər övladlarını ayırmaq istəmir, özlərindən asılı salmağa çalışırlar ki, bunların da nəticəsində ailələrdə problemlər yaranır".

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, ailə məsələləri ilə bağlı problemlər bütün dünyada mövcuddur: "Bəzən Azərbaycana yaraşmayan hallar olur ki, biz bunun qarşısının alınmasına çalışmalıyıq. Azərbaycan da digər ölkələri kimi qloballaşan dövrdə yaşayır. Bunun müsbət və mənfi təsirləri var. Bundan başqa, informasiya texnologiyalarının inkişafı bizi sevindirir. Lakin informasiya texnologiyalarının inkişafının müsbət tərəfləri kimi, mənfi tərəfləri də var. Bəzən valideynlər sevinir ki, uşaq başqa otaqda sakit oturub. Amma maraqlanmır ki, həmin uşaq orada nə ilə məşğuldur. Əvvəl ailələrimizdə ağsaqqalın, böyüklərin, hətta uşağın da sözü keçirdi. Lakin bu gün valideynlər uşaqları ilə məşğul olmaq istəmirlər. Bəzən valideynlər komitəyə uşaqları ilə bacara bilmədikləri üçün müraciət edirlər ki, onları ayırsınlar. Görün hansı vəziyyətə çatmışıq? Biz bu məsələləri müzakirə etməli, qanunvericilikdəki boşluqları aradan qaldırmalıyıq".

Daha sonra söz alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, son vaxtlar beynəlxalq terminologiyada anormal dindarlıq və ya dindarlaşma ifadələrindən tez-tez istifadə olunur. Anormal dindarlaşma elə prosesdir ki, o din pərdəsi altında getsə də, əslində dinin mahiyyəti ilə ziddiyət təşkil edir".

Onun sözlərinə görə, anormal dindarlaşma prosesi təkcə müsəlman ölkələrində deyil, digərlərində də var: "Bəzən xristian sektaları var ki, onlar müasir texnologiyaları qəbul etmir, nənki mobil telefon, komputer, hətta işıq, elektrik enerjisindən, eləcə də avtomobildən istifadəni günah sayırlar. Təəssüf ki, islam ölkələrində də anormal dindarlığın təzahürləri var. Bu da ailə dəyərlərinə, müasirliyə də digərlərə qarşı münasibətlərdir. Bizim ölkə də bu cür anormal dindarlığın təzahürlərindən sığortalanmayıb. Bunlardan biri də qadın hüquqlarına, ənənəvi ailə institutlarına, ailə dəyərlərimizə qarşı təhdidlərdir. Lakin bu təhdidlər İslam dinindən qaynaqlanmır. Bu din prədəsi altında başqa xalqlara məxsus ailə dəyərlərin təbliğinin nəticəsidir".

Dəyimi masanın davamında çıxış edən "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova qeyd edib ki, problemli ailələrdə uşaqlardan sui-istifadə halları zamanı həmin uşaqlar onlardan alınaraq dövlət müəssisəsinə verilməlidir: "Düzdür, bu pul tələb edir. Lakin bunu hansısa formada tənzimləmək olar. Belə vəziyyətlərdə uşaqlar gələcəkdə çox aqressiv olur".

Onun sözlərinə görə, qız uşaqlarının təhsildən yayınması, erkən ərə verilməsi məsələsində məktəblərlə sıx əlaqəli işlənilməlidir: "Bununla bağlı məktəblərdə monitorinq qrupları fəaliyyət göstərməlidir".

Dəyirmi masa təklif və müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə