"Azərbaycanda bələdiyyələrin fəaliyyət göstərməsi üçün lazımi addımlar atılır. Lakin bələdiyyələrlə bağlı bir neçə məsələ həll olunmasa, onların fəaliyyətində hər hansı gözə çarpacaq dərəcədə addımların şahidi olmayacağıq". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin" müzakirələri zamanı deyib.
Millət vəkili bildirib ki, ilk növbədə bələdiyyələrin sayı və tərkibi azaldılmalıdır: "Bir də görürsən ki, Bakının bir rayonunda 19 nəfər, kiçik kəndlərdə isə 5-7 nəfər bələdiyyə üzvüdür. Dünya təcrübəsində də var ki, kiçik kəndlər birləşdirilir, 1 nəfər nümayəndə seçilir və bütün məsələləri də həll edir. Bu, qərarların qəbul edilməsində də mühüm əhəmiyyət kəsb edir".
Bələdiyyələrlə bağlı qanunların hazırlanmasında kifayət qədər iştirak etdiyini xatırladan millət vəkilinin sözlərinə görə, qanunvericilikdə bələdiyyələrə lazımı status verilib: "İlkin illər biz bələdiyyələrin fəaliyyətinin düzgün istiqamətə yönəldilməsi üçün tövsiyə və tapşırıq hazırlaya bilməməyimiz, bələdiyyələrin fəaəliyyətini başqa istiqamətə yönəltdi. Bəzən ictimaiyyət elə düşünür ki, bələdiyyə ancaq torpaq alveri ilə məşğul olmalıdır. Amma əslində bələdiyyələr onlara verilən səlahiyyətlərlə çox iş görə bilərdi. Mən bələdiyyələri iki hissəyə- şəhər və kənd bələdiyyələrinə bölərdim. Kənd bələdiyyələrinə torpaq sahəsi, suya nəzarət, torpaq vergisi və digər məsələlər həvalə oluna bilər. Lakin buradan gələn gəlirlərin hesabına müəssisə açıb, meyvə bağı salmaq, bir neçə il gözləmək, bələdiyyə məktəbi, bağçası tikmək, bələdiyyə qəbirstanlığı salmaq əvəzinə həmin gəlirlər bələdiyyə üzvləri arasında paylandı, hər biri özünə böyük aparat formalaşdıraraq fəaliyyətini bu istiqamət üzrə aparmağa başladı".
S. Novruzov söyləyib ki, bələdiyyələrin düzgün fəaliyyət göstərməməsi hazırda bələdiyyə mülkiyyətinə daxil olan kənd təsərrüfatına yararlı olan torpaqlardan istifadədə çətinliklər yaradır: "Çünki həmin torpaqlar vaxtilə bələdiyyələr tərəfindən ayrı-ayrı şəxslərə satılaraq, özəlləşdirilib. Bu eyni zamanda kənd təsərrüfatının inkişafına xeyli ziyan vurur. Vaxtilə bələdiyyələr istəsə idi qeyri-neft sektorunun inkişafı üçün çox iş görə bilərdi. Təbii ki, bu, kənd bələdiyyələrinə aid edilir. Lakin şəhərdə də kiçik, ticarət müəssisələri açmaq olardı. Əfsus ki, gəlirlərin hamısı mebelə, maşına digər məsələlərə sərf olundu və nəticə etibarı ilə bu gün bələdiyyələrin fəaliyyəti müzakirə ediləndə başqa nüanslar axtarılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB