“Banqladeş Azərbaycanı müdafiə edir” Qarabağ məsələsində

“Banqladeş Azərbaycanı müdafiə edir” Qarabağ məsələsində

"Banqladeşlə Azərbaycan dost, qardaş ölkələrdir. İki ölkə arasında coğrafi baxımdan uzaq məsafənin olmasına baxmayaraq oxşarlıqlarımız çoxdur. Mədəni oxşarlığımız da mövcuddur". Bunu SİA-ya açıqlamasında Banqladeş Xalq Respublikasının Azərbaycandakı səfiri (iqamətgahıTürkiyədə) Allama Siddiki deyib.

O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının(İƏT) ötən il İstanbulda keçirilən sammitində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair kontakt qrupunun təsis edilməsində Banqladeş çox böyük dəstək verdi: "Banqladeş Dağlıq Qarabağ məsələsində Azərbaycanı ciddi şəkildə müdafiə edir. Ölkəmiz inanır ki, bu məsələ öz həllini sülh yolu ilə tapacaq. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir".

Diplomat bildirib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün müəyyən planlar var: "Biz bu ilin iyun-iyul aylarında Banqladeşlə Azərbaycan arasında xarici işlərin konsolidasiyası bürosunu açmaq istəyirik. Büro Dəkkədə və ya Bakıda yerləşə bilər. Azərbaycan nümayəndə heyətini Banqladeşdə görmək istərdim. Sonra bizim XİN rəhbəri də Bakıya səfər edə bilər. İki ölkə arasında münasibətlər irəli atılan addımlara bənzəyir. Addım-addım bir-birinə yaxınlaşır, sonra görüşlər olur".

A.Siddiki turizm sahəsində əməkdaşlıq üçün imkanların olduğunu deyib: "Banqladeşdə bir çox insanlar iqtisadi baxımdan orta sinif, bəziləri orta sinifdən yüksəkdir. Düşünürəm ki, Azərbaycan elə bu orta sinfi öz turizminə cəlb edə bilər. Çünki ölkənizdə gözəl yerlər çoxdur və bizim turistlər arasında bu yerlərin təbliğatı aparıla bilər. Sizin Xəzər sahili kimi, bizdə də xüsusi yerlər var. Banqladeş ilin bütün fəsillərində çox gözəl ölkədir. Ölkəmizdə turistləri özünə cəlb edən festivallar da keçirilir. Sizdəki Novruz bayramına bənzəyən Pohela Boyşak (Pohela Boishakh) bayramımız var. Biz bu bayramı milli geyimlərdə, nəhəng gəlinciklərlə qeyd edir və baharı qarşılayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə