Georgi Gogiya – erməni lobbisinin gürcü provokatoru SİYASİ RAKURS

Yaxud “Human Rights Watch” Azərbaycanla yanaşı, Avropa Birliyinə də böhtan atdı
Georgi Gogiya – erməni lobbisinin gürcü provokatoru SİYASİ RAKURS

Azərbaycanın dövlətçilik maraqlarına qarşı ölkədəki radikal və dağıdıcı müxalifət qrupları ilə ən çox əməkdaşlıq edən Qərb təşkilatlarından birinin də məhz "Human Rights Watch" olması kimsəyə sirr deyil. Zaman-zaman qərəzli hesabatlar hazırlayaraq guya "insan hüquqlarının" müdafiəsi ilə məşğul olduğunu, reallıqda isə siyasi korrupsiyalara bulaşıb yalnız fərdi maraqlar üzərində çirkin siyasət yürüdən bu saxtakar qurumun qərəz dağarcıqlarından biri də gürcü mənşəli Georgi Gogiadır. O, "Human Rights Watch"ın beynəlxalq insan haqları təşkilatının Cənubi Qafqaz üzrə direktoru vəzifəsini icra edərək, təmsil olunduğu qurumda sözügedən region üzrə erməni lobbisinin baş provokatoru – yəni təxribatçı rolunu oynayır.

Məgər Avropa Birliyi hər hansı ölkə başçısının səfəri barədə "Human Rights Watch" qarşısında, məlumat verməyə öhdəlik götürüb?

Əbəs yerə deyil ki, o bu dəfə Azərbaycanı hədəfə alaraq, "EUobserver" qəzetində heç bir reallığa əsaslanmayan düşüncəsiz fikirlərini bölüşüb, "məqalə" yazıb. Üstəlik, Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin möhkəmləndirilməsindən açıq-aşkar razı olmamasını sərgiləyib. Görünür, bu səbəbdən də hədəf kimi yalnız ölkəmizi deyil, elə AB-ni də götürüb. Məsələn, iddia edib ki, Brüssel ölkə başçısının səfər tarixini öncədən açıqlamayıb. Ancaq burada sual yaranır ki, Brüssel, daha dəqiq desək, Avropa Birliyi hər hansı ölkə başçısının səfəri barədə kimlərsə qarşısında, xüsusilə "Human Rights Watch" kimi qeyri-ciddi təşkilat qarşısında məlumat verməyə öhdəlik götürüb?

Məhz bu baxımdan, "Human Rights Watch"ın baş provokatoru AB- Azərbaycanla münasibətlərini "qeyri-şəffaf" adlandırmağa çalışıb. Üstəlik, guya rəsmi Bakının Avropa Birliyinə təsir etdiyini də də heç bir məntiqi əsasa söykənmədən iddia edib. Halbuki, Azərbaycanın ölkə rəhbərliyi daim rəsmi şəkildə bəyan edib ki, heç vaxt digər ölkələrin, beynəlxalq qurumların daxili işlərinə qarışmır və eyni zamanda bu halın ölkəmizə qarşı tədbiq edilməsinə imkan verməyəcək.

Ağ yalan, qara böhtan və ifrat qərəz!

Maraqlısı da budur ki, "Human Rights Watch" təmsilçisi öz əsassız məqaləsində AB-nin öz öhdəliklərinə "sədaqət" göstərməməsindən "təəssüflənir"...Bunu da Azərbaycan dövlətinin ayağına yazmağa uğursuz cəhdlər edir.

Beləliklə, ağ yalan, qara böhtan və ifrat qərəzlərlə dolu olan yazısı vasitəsilə aşkar şəkildə düşmənçilik mövqeyi tutduğunu sübut edən Gogiya nədənsə özünün hansı tipli şəxs olduğunu tamamilə unudur.

O da siurr deyil ki, bundan öncə də bu qəbilədən olan təşkilatlar Azərbaycanla bağlı qərəzli mövqelər ortaya qoyublar. Ona görə də bu təşkilatların, təşkilat rəsmilərinin mövqeləri də onlardan başqa heç kimə maraqlı deyil. Çünki hər kəs bu qurumların hansı prinsiplərlə işlədiyi çox gözəl bilir.

Ümumiyyətlə, yaxşı olardı ki, Georgi Gogia bir dəfə də gedib Gürcüstanda illərdir saxlanılan yüzə yaxın siyasi məhbuslar haqqında sərt hesabatlar hazırlasın. Bəli, o bu vaxta qədər nə Gürcüstan, nə də Ermənistan haqqında mənfi fikirlər söyləməyib. Yaxşı olardı ki, gürcü provokator bu barədə başını qatsın, əgər ağalarından qorxub-çəkinmirsə...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə