"Beynəlxalq nümayəndələrin Cocuq Mərcanlıya getməsi xarici siyasətimizin üstünlüyüdür" MÜNASİBƏT

"Beynəlxalq nümayəndələrin Cocuq Mərcanlıya getməsi xarici siyasətimizin üstünlüyüdür" MÜNASİBƏT

"Beynəlxalq təşkilatların nümayəndələri Cocuq Mərcanlı kəndinə getməklə, ermənilərin nə qədər vəhşiliklər törətdiyinin şahidi olacaqlar. Çünki, orada kənd qalmayıb, həmin ərazi yalnız xarabalıqdan ibarətdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı deyib.

Millət vəkilinin sözlərinə görə, Cocuq Mərcanlı kəndi bərpa olunmamışdan öncə Azərbaycanda akkreditə olunan xarici dövlətlərin səfirlərinin oradakıları öz gözləri ilə görmələri həm beynəlxalq aləmdə Ermənistanın sıxışdırılmasına, həm də diplomatik və xarici siyasətimizdə daha ciddi üstünlüklər əldə etməyimizə zəmin yaradacaq: "Bu, eyni zamanda sonradan ora köçənlərin beynəlxalq təşkilatlar vasitəsilə himayə olunması, gələcək də donor təşkilatların cəlb edilməsində də vacib məqamlardan biridir. Bütövlükdə, Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamı yüksək qiymətləndirirəm və hesab edirəm ki, sərəncam ciddi və tarixi sənəddir ".

Sənəd Azərbaycan üçün bir neçə baxımdan əhəmiyyətli olduğunu dilə gətirən millət vəkili qeyd edib ki, Cocuq Mərcanlı kəndinə məcburi köçkünlərin qaytarılması və eyni zamanda burada yüksək infrastruktur yaradılaraq yüksək həyat şəraitinin təmin olunaraq qaytarılması ermənilərə çox ağır, mənəvi psixoloji zərbədir: "Digər tərəfdən bu, həm də Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsini yüksəldə, eyni zamanda onların prezidentə olan inamını daha da möhkəmləndirə biləcək addım kimi dəyərləndirilməlidir. Başqa bir tərəfdən məcburi-köçkünlərin öz yurdlarına qayıdışı, onların düşüncə və psixologiyasında daha ciddi yer almasına yönələn bir addımdır. Əslində Azərbaycan prezidenti bununla məcburi köçkünlərin artıq öz dədə baba yurdlarına qayıtmasına hazır olması baxımından ciddi meydan verdi. Şübhəsiz ki, bu addım torpaqlarımız işğaldan azad edilməsi istiqamətində bir başlanğıcdır".

F. Ağamalı qeyd edib ki, bu istiqamətdə xarici siyasətimizdə əldə olunan uğurlar Müdafiə Nazirliyi səviyyəsində tamamlanmalıdır: " Ermənistanın təxribatlarına, diversiya xarakterli cəhdlərinə qarşı qətiyyətli, aprel döyüşlərində olduğu kimi mövqe nümayiş etdirilməli, işğal altında olan torpaqlarımızı bu şəkildə azad edilməlidir. Çünki, bizim Ermənistana qarşı müharibə elan edərək, onları məğlubiyyətə uğratmağımız üçün böyük imkanlarımız olsa da, böyük güclər, beynəlxalq təşkilatlar buna imkan vermək niyyətində deyillər. Rusiyanın XİN başçısının son bəyanatında onların mövqeyi ifadə edildi. Bundan əlavə, bu gün Avropa ölkələrində Ermənistanı müdafiə edən kifayət qədər siyasi qüvvələr və dövlətlər var. Həmçinin ABŞ-da güclü erməni lobbisi var. Bütün bunları saf-çürük etdikdə biz sadəcə olaraq Ermənistanın təxribatlarına, ölkəmizin mövqelərini ələ keçirməsinə qarşı Müdafiə Nazirliyi onun peşəkar zabit heyəti, qəhrəman əsgərlərimiz qətiyyətli cavab verərək iki-üç cəhdlə torpaqlarımızı azad edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə