Millət vəkili: "Hər kəs öz oturduğu stola hörmət etməlidir”

Millət vəkili: "Hər kəs öz oturduğu stola hörmət etməlidir”

"Son zamanlar mətbuatda bəzi həmkarlarımız yazır ki, Milli Məclis işləmir. Əgər Milli məclis işləmirsə, o zaman niyə buradan əmək haqqı, mükafat alırsan. Milli Məclisin funksiyası qanun qəbul etməkdən ibarətdir. Ötən sessiyada 100-dən çox qanun qəbul edilib. Bu qanunların hamısı ölkə iqtisadiyyatının inkişafı, vergilərin, maliyyə sisteminin tənzimlənməsi ilə bağlıdır. İndi biz neyniyək? Çiyinimizə taxta- şalban götürüb daşımalıyıq ki, biz işləyirik? Yoxsa divar hörməliyik?". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müsahibə verənlər nə dediklərini fikirləşməlidir: "Biri deyir ki, komanda dəyişməlidir. Sən kimsən ki komanda dəyişəsən? Komanda cənab Prezidentin komandasıdır. Onun nəticəsində bu gün Azərbaycanda nə qədər layihələr həyata keçirilir, regionlarımız inkişaf edir, ölkəmiz yendən qurulub, tikilib. Bunu deyənlər onların birinin funksiyasını yerinə yetirə bilərmi? Əgər edə bilmirsənsə, iki gün mətbuat səhifələrində qalmaqdan ötrü belə fikirlər irəli sürmək hansı məntiqə sığır? Biz parlementli respublika deyilik. Hərdən Türkiyəyə baxıb coşursuz. Biz prezidentli respublikayıq. Bizim borcumuz qanunları qəbul edib, onlara nəzarət etməkdən ibarətdir. Biz icranın funksiyasını yerinə yetirməməliyik. İcra funksiyasını yerinə yetirəni Azərbaycan Prezidenti təyin edir və əgər həmin şəxs vəzifəsinin öhdəsindən gəlmirsə, dərhal həmin vəzifədən azad edilir. Biz bunun dəfələlərə şahidiyik, hətta bəziləri haqqında həbs qəti imkan tədbirləri görülüb. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Bununla bağlı qurumlar var ki, onlar bununla məşğul olur. İndi kiminsə kimdən xoşu gəlmirsə və xahiş yerinə yetirmirsə, bu o demək deyil ki, biz bu məsələləri bu cür qaldırmalıyıq. Hər kəsin özünün funksiyası var. Bizim funksiyamız da qanun qəbul etməkdir. Parlamentin üzvləri beynəlxalq təşkilatlarda başqa insanlar, eləcə də ermənilərə qarşı mübarizə aparırlar. Bundan başqa daha nə etməlidirlər? Bu baxımdan düşünürəm ki, çıxış edən hər kəs öz oturduğu stola hörmət etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə