Deputat: “Sərəncam məcburi köçkün ailəsinə dövlətin yardımını ifadə edir” MÜNASİBƏT

Deputat: “Sərəncam məcburi köçkün ailəsinə dövlətin yardımını ifadə edir” MÜNASİBƏT

"23 yanvar 2017-ci iltarixdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı çox əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, ilk növbədə burada sosial müdafiənin ünvanlılıq prinsipi təmin olunur: "Bununla belə sosial müdafiənin səmərəlilik prinsipi də burada öz əksini tapıb. İndiyədək də məcburi köçkünlərin qaz və elektrik enerjisi xərcləri dövlət vəsaiti hesabına ödənilirdi. Amma bu, müvafiq dövlət qurumlarına mərkəzləşdirilmiş qaydada ödənilirdi. Lakin indi ünvanlı şəkildə hər bir məcburi köçkün ailəsinə (bu hüquqa malik olan) dövlət tərəfindən müəyyən olunmuş 36 manat məbləğində sosial müavinət veriləcək. Bu müavinəti də öz xərclərinə və yaxud da istəklərinə uyğun xərcləmək hüququ məcburi köçkünlərə verilir. Ola bilər ki, bəzi adamlarda elektik enerjisi və yaxud qazın sərfiyyatı 36 manatdan az olsun. O zaman həmin şəxs qalan vəsaiti özü istədiyi kimi xərcləyə bilər.

Digər tərəfdən həmin Sərəncamın başqa bir bəndində Azərsu SC-ya və Azərişıq SC-ya tapşırıq verilir ki, dövlət vəsaiti hesabına məcburi köçkünlərin yaşadıqları mənzillərə sayğaclar qoyulsun. Bu sayğacın göstəricisinə uyğun olaraq hər kəs işlətdiyi enerjinin dəyərini konkret olaraq o ayrılan məbləğ hesabına ödəyəcək. Bu birinci növbədə ünvanlılıq prinsipinə tam əsaslanır. Bu, hər bir məcburi köçkün ailəsinə dövlətin konkret yardımını ifadə edir. Digər tərəfdən bu həm də enerji sərfiyyatının daha qənaətli və səmərəli işlənməsinə gətirib çıxarır. Məlumdur ki, qaçqın və məcburi köçkünlər üçün əlavə çadır şəhərcikləri dövründən bunlar sayğacsız mənzillərdə yaşayıblar. Həmin sayğacı da kimsə istəyib öz qoyub. Beləcə bu da xeyli sayda həm enerjinin, həm də qazın həddindən artıq sərfiyyatına gətirib çıxarıb. Bu həm qənaət baxımından yaxşıdır, həm də həmin insanlara əlavə imkan yaranır ki, o vəsaiti istədiyi kimi xərcləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə