Mərkəz sədri: “Erməni işğalçılığının kökü Dağlıq Qarabağda deyil” MÜNASİBƏT

Mərkəz sədri: “Erməni işğalçılığının kökü Dağlıq Qarabağda deyil” MÜNASİBƏT

"Ağdərə ərazisinin bir qisminin qaytarılması Azərbaycana əlavə diplomatik və hərbi resurslar yaradır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərinin ən mühüm nəticələrindən biri də Azərbaycanın təkbaşına böyük hərbi-siyasi qələbə əldə etməsidir: "Heç kəs Ermənistanı müdafiə etmədi. Ermənistanın hərbi imici və siyasi müttəfiqləri barədə yaratdığı miflər dağıldı. Amma bu gün Ermənistan ictimaiyyətində baş verənlər yeni müharibənin labüdlüyünü göstərir. Ermənilər az və ya çox torpaq itirdiklərini etiraf edirlər, silahlarının köhnə olduğunu boyunlarına alırlar. S.Sərkisyan Dağlıq Qarabağda Ermənistandan gəlmiş ziyalılarla görüşdə Ermənistan ordusunun problemlərinin çox olduğunu bəyan etdi. Buna baxmayaraq erməni təbliğatı aprel döyüşlərində qələbə qazandıqlarını iddia etməyə başlayıb. Erməni psixologiyası dörd günlük aprel döyüşlərinin əsas səbəbi idi.

Bu psixologiyanın təsiri altında Ermənistanın Müdafiə Nazirliyi 2015-ci il ərzində Ermənistan üçün yeni hərbi konsepsiya hazırladı. Bu konsepsiyanı ABŞ və NATO-nun mütəxəssisləri ilə müzakirə etdi. "Statik müdafiədən imtina edilib, cilovlama və ya ram edilmə" konsepsiyasına keçmək məsələsi barədə qərar NATO-da 2016-cı ilin fevralında Ermənistanın müdafiə nazirinin müavini D.Tonoyanın iştirakı ilə müzakirədən sonra qəbul edildi. Konsepsiya Azərbaycanın kəmiyyət üstünlüyünü Ermənistanın keyfiyyətli fəaliyyəti ilə neytrallaşdırmaqdan ibarət idi. Bu artıq müharibəyə çağırış idi. Nəhayət ki, ermənilərin təxribatları cavabsız qalmadı. Aprel döyüşləri Dağlıq Qarabağ tənzimlənməsini Suriya və Ukrayna prosesləri ilə bir sıraya qoydu. Bu göstərir ki, ATƏT MQ həmsədr ölkələrini fəallaşdıran ən vacib mexanizm müharibədir".

M.Əhmədoğlu əlavə edib ki, dörd günlük aprel döyüşlərində Azərbaycan ordusu xeyli ərazi işğaldan azad etdi və işğaldan azad etdiyi ərazidən qat-qat çox əraziyə nəzarət imkanına sahibləndi: "Amma bu ərazilərin içərisində işğaldan azad edilmiş bir qisim Ağdərə ərazisi xüsusi diplomatik və hərbi çəkiyə malikdir. Ağdərə Dağlıq Qarabağ Muxtar vilayətinin inzibati ərazisinə daxildir. Danışıqlar zamanı Ağdərə və DQMV-nin inzibati ərazisindən götürülmüş digər torpaqlar Kəlbəcər və Laçın mövzusunda aparılan danışıqların yeni məcraya yönəldəcəkdir. Eyni zamanda Ağdərə ərazisindən Kəlbəcərədək gedib çıxmaq mümkündür. Bu isə əlavə hərbi vəziyyət deməkdir. Bəzi erməni ekspertləri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın mövqeyini düzgün başa düşüblər. Uzun müddətli regional inkişafa və sabitliyə nail olmaq üçün erməni işğalçılığının kökü tamamilə kəsilməlidir. Erməni işğalçılığının kökü Dağlıq Qarabağda deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə