2017-ci ilin 19 yanvar tarixində Argentinanın "Equilibrium Global" analitik portalında "SSRİ-nin dağılması dövründə tarixin yazılması. Bakıda nə baş verib?" başlıqlı məqalə dərc olunub.
SİA-nın verdiyi məlumata görə, məqalədə bildirilir ki, SSRİ-nin dağılması prosesində Azərbaycanda "Qara Yanvar" kimi tanınan faciə baş verib. 1990-cı ilin yanvar ayında silahlarla təchiz edilmiş 26 minlik sovet qoşunu Qorbaçovun göstərişi ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğmaq məqsədi ilə Bakıya hücum edib. Habelə qeyd olunur ki, Azərbaycan keçmiş Sovet respublikaları arasında müstəqillik uğrunda hərəkatı başlayan ilk ölkə idi.
Məqaləyə əsasən, 1990-cı ilin yanvar ayında mülki əhaliyə qarşı görünməmiş amansızlıqla qətliamın törədilməsi danılmazdır və nəticədə 100-dən artıq insan öldürülüb, 700-ə yaxın insan ağır yaralanıb. Azərbaycan cəmiyyəti tarixən (indinin özündə də) multietnik xarakterə malikdir, bu səbəbdən ölənlər arasında rus, ukraynalı, yəhudi, ləzgi, tatar və s. millətlərdən olan mülki insanlar da olub.
Daha sonra vurğulanır ki, Sovet qoşunları məqsədlərinə çatmayaraq Bakını tərk etdilər və 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bəyan etdi. Hər il Azərbaycan üçün həssas tarix olan "Qara Yanvar"da ölkələrinin müstəqilliyi uğrunda ən yüksək dəyəri ödəmiş qurbanların xatirəsi ehtiramla yad olunur. Faciəvi tarix kimi anılmasına baxmayaraq "Qara Yanvar" Azərbaycanın SSRİ-dən müstəqilliyinin qazanılması yolunda bir dönüş nöqtəsidir. Bu, ölkəni müstəqil respublikaya çevirmiş və vətənpərvərlik hissini yüksəltmiş bir hadisədir. Bu, SSRİ-nin dağılmasını hüquqi cəhətdən bəyan edən Belovejsk sazişinin imzalanması ilə bitən bir filmin ayrılmaz tərkib hissəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB