Berlində 20 Yanvar faciəsi anılıb

Berlində 20 Yanvar faciəsi anılıb

Berlində Azərbaycan Evinin, Alman-Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə 20 Yanvar faciəsinin 27-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-ya səfirlikdən verilən məlumata görə, Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova tədbiri giriş sözü ilə açıb. Daha sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Səfir Ramin Həsənov çıxışında 20 Yanvar faciəsini tarixi və hüquqi-siyasi aspektlərdən təhlil edib. Səfir 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qan yaddaşında oynadığı faciəvi rolu vurğulamaqla bərabər, həmin hadisələri Azərbaycan milli azadlıq hərəkatında qəhrəmanlıq salnaməsi adlandırıb. R. Həsənov bildirib ki, Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yummasına etiraz edən, eləcə də öz milli hüquqlarını tələb edən dinc əhalinin etiraz səsi silah gücünə susdurulmağa çalışılsa da, Azərbaycan xalqı həmin dövrdə birlik və qətiyyət nümayiş etdirib və nəticədə dövlət müstəqilliyinin bərpasına nail olub.

Diplomat bu gün Azərbaycan Respublikasının müstəqil siyasət yürütdüyünü vurğulayıb. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasi kursun uğurla həyata keçirilməsi nəticəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Ermənistanın hərbi təcavüzünə toxunan səfir, Azərbaycan xalqının dövlətimizin ərazi bütövlüyünün təmin olunması üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bildirib. Qeyd edib ki, xalqımızın 20 Yanvar şəhidlərini hər zaman qürur və ehtiramla anır, Azərbaycanın müstəqilliyi və suverenliyinin müdafiəsini şəhidlərin ruhu qarşısında özünün əsas mənəvi borcu hesab edir. Tədbirdə daha sonra Almaniyadakı Türk-Azərbaycan Birliyinin rəhbəri, Almaniya Bundestaqının keçmiş deputatı Hakkı Kəskin və şairə Şərifə Cəfəriyyə çıxış ediblər.

Tədbirdə Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Almaniyanın elmi və ictimai dairələrinin təmsilçiləri, Almaniyada təhsil alan azərbaycanlı tələbələr və gənc tədqiqatçılar, səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları 20 Yanvar hadisələrini nümayiş etdirən video-çarxları izləyiblər, şəhidlərin ruhuna ehsan süfrəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə