"Ümumilikdə uçuşun xərcləri hansısa yolla yığılmalıdır" deputatlara cavab
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deputatların AZAL-la bağlı şikayətlərinə münasibət bildirib. SİA-nın xəbərinə görə, A. Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı millət vəkillərinin AZAL-ın inhisarçı şirkət olması barədə fikirlər ilə razılaşmayaraq söyləyib ki, Azərbaycana və eləcə də ölkədən kənara həyata keçirilən hava reyslərinin 52 faizini beynəlxalq şirkətlər, 48 faizi isə AZAL tərəfindən həyata keçirilir.
Bu gün AZAL-ın 17 tarifinin olduğunu deyən A. Məmmədov qeyd edib ki, biletlərin qiymətini qaldırmaq məsələsi gündəmdə deyil və buna icazə verilmir: "Amma ümumilikdə uçuşun xərcləri hansısa yolla yığılmalıdır. Ona görə də AZAL beynəlxalq təcrübədən, bəzi qaydalardan istifadə edərək baqajdan pul yığır. Bəzi şirkətlər yeməkdən, bəziləri yüklərdən, bəziləri də cərimələrdən pul yığırlar. Ümumilikdə xərcləri bağlamaq lazımdır. Siz qeyd etdiniz ki, AZAL büdcəyə böyük bir yükdür. Bütün bunlar olduğu halda, yenə də yetərincə gəlir yoxdur. Monopoliyaya gəldikdə, aşağı büdcəli "Buta" şirkəti yaranır. Bilirsiniz ki, AZAL qiymətləri əsas etibarı ilə enerji daşıyıcıları və onların qiyməti ilə tənzimləyir və çalışır ki, hava limanında problem olmasın. Bizdə uçuş zolağı 3-cü, ən yüksək kateqoriyaya aiddir. Biz istənilən hava şəraitində uçuşları qəbul edə bilirik. Son günlər Türkiyədə hava şəraitinə görə AZAL-ın reyslərindən başqa bütün reyslər gecikirdi. Həmin kateqoriyanı saxlamaq çox çətindir. Təsəvvür edin ki, bir lampanın qiyməti 60 minə qədərdir. Onların hamısını almaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB