Milli Məclisdə dövlət qurumlarının şikayətlərə münasibəti müzakirə edilib

Milli Məclisdə dövlət qurumlarının şikayətlərə münasibəti müzakirə edilib

Milli Məclisin İnsan Hüquqları Komitəsinə daxil olan müraciətlər aiddiyyatı dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların ümumi faizi çox azdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov komitənin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu, həm komitəyə hörmətsizlik, həm də Milli Məclisə olan soyuq münasibətin göstəricisidir: "Konstitusiyaya görə, göndərilən məktub və ya sorğu 15-30 gün müddətində cavablandırılaraq, şikayətçi və ya təşkilata göndərilməlidir. Bu kimi hallar baş verdikdə vətəndaşlar Milli Məclisdən incik düşürlər. Vətəndaşlar məktublarını bizə təqdim etdikləri üçün elə düşünürlər ki, komitə onların hüquqlarını tam şəkildə müdafiə edən təşkilatdır".

Buna cavab olaraq çıxış edən Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova söyləyib ki, komitəyə daxil olan məktubların hamısı aiddiyatı üzrə qurumlara cavab tələb etmək üçün göndərilmir: "Bu baxımdan Milli Məclisdən gedən məktublarla gələn cavablar arasındakı fərq Parlament tərəfindən göndərilən müraciətlərə diqqətsiz yanaşıldığını sübut etmir. Bu, qətiyyən belə deyil. Ona görə biz nə öz işimizi, nə cəmiyyətin, nə hökumətin, nə də dövlətin münasibətini bu qədər dar çərçivəyə sala bilmərik. Biz hansı məktublara cavab tələb ediriksə, ona cavab yazılır. Əgər məsələ ilə bağlı hansısa narahatlıq, problem varsa, o zaman vətəndaş növbəti qəbulda yenə gəlir. Lakin çox nadir hallarda, bizim müraciətimizdən sonra məsələyə diqqətsiz yanaşıldığı barədə bizə növbəti dəfə müraciət edir. Bu baxımdan bildirmək istəyirəm ki, həm Milli Məclisə, həm də millət vəkillərinin sorğularına olan münasibət yüksək səviyyədədir. Mən şəxsən bizim müraciətlərə göstərilən diqqətdən razıyam. Əlbəttə ki, 100 faiz razı olmaq mümkün deyil. Bu da digər məsələlərlə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə