Lavrovun bəyanatına sərt ittihamlar QARABAĞ MƏSƏLƏSİ AZƏRBAYCANIN DAXİLİ İŞİDİR!

Lavrovun bəyanatına sərt ittihamlar QARABAĞ MƏSƏLƏSİ AZƏRBAYCANIN DAXİLİ İŞİDİR!

Rusiya XİN-nin rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağın erməni işğalçılarından müharibə yolu ilə azad olunacağı halda Rusiyanın münaqişəyə hansı iostiqamətdə yanaşacağı ətrafında verdiyi sualına cavab olaraq rusiyalı nazirin Qarabağın Azərbaycanın daxili işi olmaması haqqında səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, politoloqlar, millət vəkilləri sözügedən fikirlərin heç bir qanuni çərçivəyə sığmadığını bildiriblər.

Bununla bağlı "SƏS" Media Qrupuna açıqlamalar verən tanınmış ictimai-siyasi xadimlər bildiriblər ki, bu kimi bəyanatların səsləndirilməsini yolverilməz adlandırıblar.

Millət vəkili, politoloq Rasim Musabəyov: "Məgər biz Lavrovdan "Qarabağda nə istəyirsiniz edin, bizlik deyil" cavabını gözləyirdik?!"

Millət vəkili, politoloq Rasim Musabəyovun fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinə dair son açıqlamasında yeni heç nə deməyib və əslində rəsmi Moskvanın ənənəvi mövqeyini açıqlayıb: "Biz dəfələrlər demişik ki, ermənilərin arxasında Rusiya dayanır və Rusiya Ermənistanın müttəfiqidir. Rusiyanın iştirakı olmadan Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündürmü?! Əlbəttə ki, yox".

Millət vəkili digər məqama da toxunaraq deyib ki, Rusiyanın Qarabağ məsələsində hər hansı bir dəyişik mövqe sərgiləməsini gözləmək lazım deyil: ""Məgər biz Lavrovdan "Qarabağda nə istəyirsiniz edin, bizlik deyil" cavabını gözləyirdik?! Ona görə də bir daha təkrar etmək istəyirəm ki, burda heç bir yenilik yoxdur. Əgər Rusiyanın dəstəyi olmasaydı, biz çoxdan münaqişəni həll etmişdik".

Millət vəkili əlavə edib ki, Azərbaycana böyük müharibə aparmağa imkan vermirlər: "Amma heç bir ölkə Azərbaycana daim ermənilərə təzyiq etmək, işğalçı ölkəni iqtisadi, diplomatik hərbi cəhətdən gərgin vəziyyətdə saxlamağa mane ola bilməz. Hansı tərəfin bu gərginliyə gücü çatmayacaqsa, o da uduzacaq".

Millət vəkili Azər Badamov: "Qarabağda gərginlik uzandıqca Rusiya Cənubi Qafqazda mövqelərinin möhkəmləndirməsininə imkan əldə edir"

Rasim Musabəyovun həmkarı, milli məclisin deputatı Azər Badamov isə öz növbəsində bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll olunmasını heç vaxt istəməyib və həmişə ikili siyasət aparıb. "Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları da bunu göstərdi". –deyə qeyd edən millət vəkili BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar qəbul olunmuş qətnamələr və qəraraların icra olunmadığını da deyərək, ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı irəliləyişə nail ola bilmədiyini xatırladıb: "Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu ölkə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir. Çünki, Dağlıq Qarabağda gərginlik uzandıqca Rusiya Cənubi Qafqazda mövqelərinin möhkəmləndirməsininə imkan əldə edir. Rusiyanın ərazilərinin bir hissəsi başqa dövlət tərəfindən işğal olunsaydı, bu, Rusiyanın daxili işini saymazdınızmı? Bu məsələləri həmişə özlərinin daxili işləri hesab edirlər".

Millət vəkili sual edərək soruşub ki, belə olan halda Lavrov Azərbaycan ərazilərinin işğaldan azad edilməsini niyə Azərbaycanın daxili işi hesab etmir?! O, vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın daxili işidir və bu, bütün beynəlxalq hüquq normalarına uyğundur: "Bizi haqlı yolumuzdan heç nə döndərə bilməz. Biz öz güclü ordumuza güvənirik və torpaqlarımızı düşməndən azad edəcəyik".

Politoloq Cümşüd Nuriyev: "Lavrov öz erməni soykökünə qayıdıb və bir erməni olduğunu gündəmə gətirir"

Tanınmış siyasi şərhçi Cümşüd Nuriyev isə qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı onu bir qədər çaşdırıb. Onun sözlərinə görə, ATƏT-in həmsədri olan bir ölkənin XİN rəhbərinin birdən-birə Dağlıq Qarabağ və ətraf rayonlarının azad olunması ilə bağlı əndrəbadi bəyanatı artıq o deməkdir ki, Lavrov öz erməni soykökünə qayıdıb və bir erməni olduğunu gündəmə gətirir: Politoloq Madrid, Kazan prinsipləri və Sank-Peterburq görüşündə əldə edilmiş razılaşmanı da xatırladaraq deyib ki, bu günə qədər bu məsələ bütün danışıqların əsas predmeti olub: "Masaya yatızdırılıb ki, əvvəl ətraf rayonlar azad olunmalıdır sonra bu məsələ gündəmə gətirilməlidir. Amma Rusiya yenə də öz işini görür. Onlar bir qədər ehtiyat etdilər ki, birdən ABŞ-ın mövqeyi dəyişər. Rusiya bir növ həm də ortaya qoydu ki, guya ABŞ-ın, Fransanın və Rusiyanın ayrı mövqeyi var. Bu o deməkdir ki, Dağlıq Qarabağın özü və ətraf rayonların azad olunması məsələsi hamısı boş söhbətlərdir".

Cümşüd Nuriyevin sözlərinə görə, onlar hər zaman çalaşacaqlar ki, bu problemin donu açılmasın: "Dondurulmuş Qarabağ problemi onlar üçün sərfəlidir. Mən bu məsələnin açığı sülh yolu ilə həll olunacağına inanmıram. Azərbaycan yenə də aprel döyüşlərini həyata keçirməlidir və ətraf rayonları azad etməlidir. Dünyanın nə deməsi bizi artıq maraqlandırmamalıdır".

Hərbi ekspert Üzeyir Cəfərov: "Hiss edirəm ki, Rusiya siyasi-hərbi rəhbərliyi bu gün Qarabağ məsələsində Ermənistanı məmnun edəcək, cəbhədə daha da gərginliyə yol açacaq bir mövqe sərgilədi"

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edirəm ki, bu illər ərzində ilk dəfə idi ki, məhz ermənilərin havadarları olan ruslar nəhayət ki, illərlə gizli saxladıqları, Azərbaycanın tam əleyhinə olan məkrli Kreml planlarını açıqladılar. "Deyir hər bir işdə zərərlə yanaşı, bir xeyir olur"- el misalını xatırladan hərbi ekspert bildirib ki, Azərbaycan dövləti olaraq ATƏT-in bivec Minsk qrupunun həmsədr ölkələri olan Amerikadan və Fransadan Rusiyanın yol verdiyi özbaşınalığa və BMT TŞ-nın 4 məlum qətnamələrinin üstündən xətt çəkdiyinə görə, özünün də vaxtilə səs verdiyi sənədləri şübhə altına aldığına görə konkret mövqe, münasibət tələb etməliyik: "İstənilən halda, faktiki ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməli, açıq və aydın şəkildə işğalçıya dəstək verdiyinə görə Rusiya Federasiyasının bu qrupdan çıxarılmasına təşəbbüs göstərməliyik. Hiss edirəm ki, Rusiya siyasi-hərbi rəhbərliyi bu gün Qarabağ məsələsində Ermənistanı məmnun edəcək, cəbhədə daha da gərginliyə yol açacaq bir mövqe sərgilədi. Bunun ardınca isə çox, lap dəhşətli hadisələrin olacağını düşünürəm".

Azərbaycan XİN-nin qətiyyətli reaksiyası: "Əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa..."

Onu da xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyini ifadə edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir: "O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. Münaqişənin həlli əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var".

Azərbaycanlı nazir mediaya açıqlamasında Prezident İlham Əliyevin də fikirlərini önə sürərək deyib ki, Prezidentimiz "Sputnik" İnformasiya agentliyinə müsahibəsində bir daha status məsələsinə aydınlıq gətirmişdir: "Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər".

E lmar Məmmədyarov aprel döyüşlərini də xatırladaraq deyib ki, həmin hadisələr növbəti dəfə sübut etdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də qonşu dövlət olaraq münaqişənin tezliklə həll edilməsi üçün səylərini daha da artırmalıdır: "Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə