17.01.2017-ci il tarixdə Hilton otelində Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planı çərçivəsində həyata keçirilən "Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək" layihəsinin təqdimatı keçirilib.
SİA-nın verdiyi məlumata görə, layihənin açılış mərasimi ilə bağlı çıxış edən Penitensiar xidmətinin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov Ədliyyə Nazirliyinin və onun tərkib hissəsi olan Penitensiar xidmətin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq layihənin gələcək fəaliyyətinə uğurlar arzulayıb. Qeyd edilib ki, Avropa Şurası ilə əməkdaşlığımızın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizdə bütün sahələrdə, o cümlədən cəzaların icrası ilə bağlı aparılan islahatlar onun adı ilə sıx bağlıdır. Avropa Şurası tərəfindən Azərbaycan hökuməti qarşısında qoyulmuş öhdəliklər Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə ardıcıl olaraq yerinə yetirilib, qanunvericilik sistemi Avropa standartlarına uyğunlaşdırılmış, seçki sistemi təkmilləşdirilmiş, yerli özünüidarəetmənin inkişafı, mədəniyyətlərarası dialoqun təşviqi, məhkəmə sisteminin və ədliyyə orqanlarının müasirləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və sair istiqamətlərdə məqsədyönlü tədbirlər görülüb. 2006-cı ildə Ədliyyə Nazirliyinin Əsasnaməsi, "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilib, "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müvafiq Dövlət Proqramının icrası həyata keçirilmiş, Penitensiar xidmətin Əsasnaməsi təsdiq olunub.
Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisi tibb xidməti general-mayoru Rafael Mehdiyev aparılan islahatların nəticəsi olaraq penitensiar sistemdə tibb xidməti üzrə əldə olunmuş nailiyyətlər barədə məlumat vermiş və layihənin komponenti kimi səhiyyə xidmətinin təşkilinə ayrılacaq dəstəyin də nəticəsinin uğurlu olacağına əminliyini ifadə edib.
Avropa Şurasının Cinayətə Qarşı Fəaliyyət Departamentinin rəhbəri İvan Koedcikov, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri Malena Mard salamlama nitqi ilə çıxış ediblər.
Tədbirdə iştirak edən Avropa Şurasının beynəlxalq ekspertləri Con MkQakin və Yorq Pont məhbuslar üçün səhiyyə xidmətlərinə dair tövsiyələri, təhlükəsiz və sağlam həbsxana mühitinin təmin edilməsi üzrə Avropanın qabaqcıl təcrübəsində istifadə olunan əsas konsepsiyalar və yanaşmalar barədə məruzələrini təqdim edib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda layihənin məsləhətçisi, İldiko Nemets-Salaçz tərəfindən Avropa İttifaqının və Avropa Şurasının "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" adlı birgə layihəsini iştirakçılara təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB