Tramp inaqurasiyadan sonra məhkəməyə gedəcək?

Tramp inaqurasiyadan sonra məhkəməyə gedəcək?

Donald Trampın "Namizəd" (The Apprentice) realiti şousunun xanım iştirakçısı Sammer Zervos şərəf və ləyaqətinin müdafiəsini təmin etmək üçün Nyu-York məhkəməsinə müraciət edib. SİA-nın Amerika mediasına istinadən verdiyi mılumata görə, onun vəkili Qloriya Ollerd bildirib ki, Sammer Zervos ABŞ-ın seçilmiş prezidenti Donald Trampdan şikayətçidir. Belə ki, ötən ilin oktyabrında Zervos ictimaiyyət qarşısına çıxaraq bildirib ki, 2007-ci ildə "Beverly Hills" otelində Tramp ona qarşı seksual hərəkətlərə yol verib. Həmin vaxt milyarder ona qarşı irəli sürülən bu iddianın yalan olduğunu bəyan etmişdi.

"USA Today" qəzetinin yazdığına görə, vəkil Trampın iddiasının yetərli olmadığını və artıq "vaxtın bitdiyini" deyib.

"Mən istərdim ki, seçilmiş prezident Zervosa qarşı nə qədər doğru hərəkət edib-etməməsi barədə bir qərar versin. Əgər o sadəcə öz bəyanatından imtina edərsə, Zervosa qarşı etdiyi hərəkətlərini etiraf edərsə, bu zaman müvəkkili məhkəmə iddiasını geri götürəcək", - deyə adıçəkilən media orqanı Ollerdin sözlərini qeyd edir.

Jurnalistlərin iddianamənin nəyə görə rəsmi inaqurasiya mərasiminə bir neçə gün qalmış verilməsi sualına cavab olaraq Qloriya Ollerd cavab verib: "Nəyə görə də indi olmasın? Planetin ən qüdrətli insanını məhkəməyə vermək üçün kifayət qədər cürət lazımdır".

"2016-cı ilin 11 noyabr tarixində mən cənab Trampa təklif etdim ki, haqqımda "yalançı" ittihamı barədə səsləndirdiyi sözlərini geri götürsün. Mən həmçinin ona dedim ki, ictimaiyyətə mənim dediklərimin həqiqət olduğu barədə bəyanat səslənədirsin. Artıq iki aydan çox müddət keçib, lakin o öz sözlərini geri götürməyib", - deyə Zervos digər media orqanı "The Hill"ə açıqlamasında bildirib.

O, qeyd edib ki, Trampa müəyyən qədər vaxt tanıyıb ki, o da öz növbəsində bundan istifadə edərək həm onun özü, həm də digər qadınlara qarşı gerçəkləşdirdiyi seksual hərəkətlərini etiraf etsin.

Bu arada məhkəməyə verilmiş iddianamədə bildirilir ki, Zervosun nüfuzuna zərər vurulub, lakin pul kompensasiyası, yaxud nsfuzuna vurulan zərərlə bağlı ödəniş haqqında heç nə bildirilməyib.

Trampın vəkilləri isə "USA Today" qəzetinin sözügedən xəbəri şərh etmələri barədə xahişinə hələlik heç bir reaksiya verməyiblər.

Xatırladaq ki, seçki marafonu vaxtı Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton Donald Trampın reytinqinin aşağıya salınması üçün onun 2005-ci ildə Amerikanın NBC telekanalında Bill Buşla apardığı kameradan kənar söhbəti əsnasında qadınlar barədə səsləndirdiyi fikirləri fəal şəkildə istifadə edirdi. Belə ki, həmin söhbət lentə yazılmışdı. Sonradan Trampın həmin fikirləri "Washington Post" qəzeti vasitəsilə ictimailəşdirilmişdi. Sonradan o, ictimaiyyət qarşısına çıxaraq qadınlar barədə dedikləri fikirlərinə görə üzr də istəyib və bildirib ki, danışdığı sözlərinə görə təəssüf hissi keçirir. Trampın xanımı Melanya isə bu sözləri "oğlan uşaqlarının qeybəti" kimi qiymətləndirmişdi.

Lakin dhaa sonralar bir sıra ABŞ KİV-ləri müxtəlif qadınların milyarder tərəfindən seksual zorakılığa, yaxud da təcavüzə uğramaları ətrafında yazılar dərc etməyə başladı. Bu baxımdan, oktyabr ayında Pensilvaniya ştatında seçiciləri ilə keçirdiyi görüşü zamanı Tramp onu yalandan ittiham edən bütün qadınları məhkəməyə verəcəyinə söz vermişdi.

"Bu qadınların hamısı yalan danşırlar, tamamilə yalandır və məqsəd mənim kampaniyama köggə salmaqdan ibarətdir. Onların dedikləri heç vaxt baş verməyib. Seçkilərdən sonra onların hər biri buna görə qanun qarşısında cavabdehlik daşıyacaqlar"-deyə milyarder bildirib.

2017-ci il girər-girməz Tramp "Fox News" telekanalına müsahibə verib və orada da bəyanat səsləndirib ki, etmədiyi hərəkətlərinə görə heç vaxt hər hansı bir qadından üzr istəməyi düşünmür. "Bir hərəkəti etmədiyinə görə, kimdənsə üzr istəmək ağılasığmaz bir şeydir"-deyə seçilmiş Amerika prezidenti vurğulayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə