Mari Li Pen Krımı Rusiyanın ərazisi kimi rəsmən tanıyacaq ABŞ və NATO-dan imtina edəcək

“Hədəfim Fransanı azad, müstəqil və hörmətli etməkdir”
Mari Li Pen Krımı Rusiyanın ərazisi kimi rəsmən tanıyacaq ABŞ və NATO-dan imtina edəcək

Fransa prezidentliyinə namizəd, ölkənin "Milli cəbhə" partiyasının lideri Marin Li Pen seçkilərdə qələbə qazanacağı təqdirdə Rusiya ilə normal əlaqələri bərpa edəcəyi ilə yanaşı, Krımı da bu ölkənin tərkib hissəsi kimi tanıyacağını bəyan edib.

"Bəli, xalqın referendum vasitəsilə Krımın Rusiyanın ərazisinə daxil olmasını dəstəkləməsindən sonra mən də Krımı Rusiya Federasiyasının tərkib hissəsi kimi tanıyıram. SİA xəbər verir ki, prezidentliyə namizədin fikrincə, Krımın Ukraynaya aid olması sovet dövrünün administrativ məsələ idi və yarımada heç vaxt Ukraynaya mənsub olmayıb. Mən təəssüf edirəm ki, xalqın ümumi rəyini əks etdirmiş referendumun nəticələri beynəlxalq aləm və BMT tərəfindən tanınmayıb"-deyə Li Pen Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Fransa prezidentliyinə namizəd onu da bəyan edib ki, o Ukrayna məsələsinin sülh yolu ilə həll olunması ilə bağlı mütəmadi olaraq təşəbbüslər göstərib. "Mövcud situasiyada Avropa İttifaqı hadisələrə neqativ təsir göstərir və nəticədə gərginlik yaratmaqla münaqişəni dəstəkləyir. Bu səddi aşmaq üçün bütün oyunçular danışıqlar masasına oturmalıdır"-Mari Li Pen qeyd edib.

Bundan əlavə, siyasətçi xanım Rusiya əleyhinə yönəlmiş sanksiyaları "mənasız" adlandıraraq deyib ki, sanksiyalar diplomatiyanın kifayət qədər axmaq üsuludur: "Bütün ölkələr bir-birlərinə qarşı hörmət göstərməli, danışıqlar aparmalı və hər kəsə sərf edən, kompromisə yol açan həll variantları axtarmalıdırlar".

Lakin Li Pen bununla yanaşı, ABŞ və NATO-nun da bostanına daş atmağı unutmayıb. "Mən Fransaya ABŞ və NATO-dan müstəqillik qazandırmaq niyyətindəyəm, eləcə də Fransa və Rusiya arasında normal əlaqələr qurmağı hədəf seçmişəm. Xüsusilə, heç bir effekti olmayan sanksiyaların aradan qaldırılmasına çalışacağam. Mənim hədəfim Fransanı azad, müstəqil və hörmətli etməkdir"-deyə ölkə prezidentliyinə namizəd xanım qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu bu ilin 23 aprel tarixinə müəyyənləşdirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə