AXCP daxailində cərəyan edən gərginliklər sədr Əli Kərimlini ciddi şəkildə dalana dirəyib. Belə ki, "Azadlıq" qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahidin ABŞ-ın erməni lobbisinə yaxın fondları tərəfindən qəzetə ayrılmış maddi vəsaitləri mənimsəməsinin ardınca, partiya sədrinin çətin durumda qalması təsdiqini tapır. Daha dəqiq desək, əldə edəcəyi gəlirin (söhbət on minlərlə avrodan gedir-R.N.) bir hissəsini şəxsi məqsədlərinə yönəldəcəyi planlarında iflasa uğrayan Ə.Kərimli ən yaxın adamı hesab olunan Q.Zahid tərəfindən "qurşaqaltı zərbəyə" məruz qaldıqdan sonra onun partiyadaxili nüfuzu da sıfıra enib.
Bu hadisə artıq onun ciddi təhlükə qarşısında qalmasından yetərincə xəbər verir
Çünki Q.Zahid bir tərəfdən iddia edib ki, AXCP sədri hakimiyyətlə gizli iş birliyinə gedir və bugünə qədər əldə etdiyi gəlirləri də məhz verdiyi vədlərinə xərcləyir, digər tərəfdən də bildirib ki, "Azadlıq" qəzetinin çap olunmasındansa, "Turan tv"nin efirə çıxmağı daha məqsədəuyğundur, o cümlədən, maliyyənin qalan hissəsi uzun illərdir ki, əmək haqqı almayan qəzet əməkdaşlarına ödəniləcək. Məhz bu faktor Kərimlini dalana dirəyib və zəifləmiş nüfuzunu yox səviyyəsinə qədər endirib. Əlbəttə ki, burada digər amillər də var ki, onlardan birini Q.Zahidin AXCP-ni ələ keçirmək iddiaları dayanır. Əbəs yerə deyil ki, Ə.Kərimlinin Fransaya – Q.Zahiddən maliyyə vəsaitinin heç olmasa bir hissəsini almaq üçün göndərdiyi elçiləri də oradan əliboş geri dönüblər. Bu hadisə isə artıq onun ciddi təhlükə qarşısında qalmasından yetərincə xəbər verir.
Bundan sonra, onların yenidən ictimai rəydə hər hansı bir təsir etmək gücləri mümkünsüzdür
Lakin başına gələn məlum hadisələrdən sonra, Ə.Kərimli düşərgədaxili revanşa hazırlaşmağa başlayıb və aldığı zərbədən müxtəlif yollarla çıxmağa cəhdlər edir. Məsələn, məlum olub ki, hazırda onun əsas məqsədlərindən biri müxalifətin birliyini əngəlləməkdən ibarətdir. Çünki düşərgədə müəyyən birliklər formalaşarsa, AXCP-nin, eləcə də Ə.Kərimlinin nəzarətində olan "Milli Şura"nın aqibəti siyasi ölümlə nəticələnəcək. Düzdür, artıq belə bir nəticəyə gəlmək olar ki, nə AXCP, nə də "Milli Şura" heç bir siyasi uğur əldə edə bilməyərək, rüsvayçı məğlubiyyətlərə uğrayıb. Bundan sonra, onların yenidən ictimai rəydə hər hansı bir təsir etmək gücləri mümkünsüzdür. Ancaq bunu dərk edən Kərimli hər şeyə rəğmən, indi də planlarını 2018-ci il seçkilərinə yönəldib.
O da əbəs deyil ki, bir sıra müxalif siyasi partiyalar, birlik və qurumlar 2018-ci il seçkilərdə iştirak edəcəklərini gizlətmirlər. Lakin Ə.Kərimli artıq bəri başdan pozuculuq işinə start verərək, həm diqqəti yenidən özünə tərəf cəlb etməyə səy göstərir, həm də bu vasitəylə son zamanlar başına gələn siyasi müsibətləri unutdurmağa çalışır.
Düşərgənin digər qanadının təmsilçiləri "keçəl suya getməz" prinsipini əsas tutaraq, Kərimlinin yalanlarına inanmırlar
Məsələn, gələn il keçiriləcək seçkilərə kifayət qədər uzun müddət qalmasına baxmayaraq, cəbhə sədri iddia etməyə başlayıb ki, guya hakimiyyət bu seçkilərdə də müxalifətə əngəllər yaradacaq və s. hallara yol verəcək. Ona görə də indidən "boykot" çağırışları etməyə başlayıb. Amma onun son anda fikir dəyişkənliyinə, xəyanətlər etməyinə mənsub olan şəxs olduğunu nəzərə alan düşərgənin digər qanadının təmsilçiləri "keçəl suya getməz" prinsipini əsas tutaraq, Kərimlinin yalanlarına inanmırlar. Ona görə də indinən seçki prosesinə qatılacaqlarını bəyan edirlər. Və əlbəttə ki, seçkilərdə iştirak etmək niyyətində olan müxalifətçilər, o cümlədən, Ə.Kərimlinin yeni aşkar düşməni – "Azadlıq" qəzetinin baş redaktoru Q.Zahid də bu ipucundan yapışaraq iddia edirlər ki, Kərimli bacardıqca digər siyasi qurumları seçkilərdə iştirakdan kənarda saxlamağa cəhdlər göstərməklə əslində, "hakimiyyətə işləmək" niyyətindədir.
Göründüyü kimi, AXCP sədrinin vəziyyəti heç də onun üçün ürəkaçan deyil. O, istər partiyasi daxilində, istər düşərgə arealında, istərsə də Qərbdəki dəstəkləyiciləri önündə demək olar ki, bütün ümidlərini itirib. Ona görə də son anda siyasi burulğana düşməməkdən ötrü saman çöpündən yapışmağı da özünə xilas yolu hesab edir. Lakin xilas ola biləcəkmi..?
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB