“İslam Həmrəyliyi İli”nin elan olunması Azərbayacanın siyasi uğurudur! SİYASİ TƏHLİL
Bəlli olduğu kimi, Azərbaycan prezidenti cənab İlham Əliyev 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb.
Belə ki, bununla bağlı Nazirlər Kabinetinə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırığı verilib.
Söz yox ki, bu kimi əhəmiyyətli faktora diqqətin ayrılması və onun ölkəmizdə dövlət səviyyəsində qiymətləndirilməsi bir daha sübut edir ki, Azərbaycan beynəlxalq arenada sülhə, əminamanlığa, həmrəyliyə və tolerantlığa nümunə olan bir ölkədir. Əbəs yerə deyil ki, yola saldığımız 2016-cı il multikulturalizm ili kimi tarixə yazıldı. Bütün bu kimi amillər isə ölkəmizdə olan demokratik mühitin, sabitliyin və inkişafın bariz göstəricisi kimi də qiymətləndirilə bilər.
Prezident İlham Əliyev: "Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır"
Prezident İlham Əliyev bununla bağlı ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə bir daha söügedən amili öz sözləri ilə təsdiq etmişdir. SİTAT: "Seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur".
Ölkə başçısı onu da vurğulayıb ki, Azərbaycanın beynəlxalq əlqələri də genişlənib və uğurlu nəticələri ilə yadda qalıb. Belə ki, Azərbaycan Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır: "Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır".
Məhz bu önəmli tezislərdən də bəlli olur ki, Azərbaycan dünya miqyasında multikulturalizm, həmrəylik və tolerantlıq mərkəzinə çevrilib, o cümlədən, dünyanın, xüsusilə İslam ölkələrində tüğyan edən qanlı-qadalı hadsələrin aradan qaldırılması istiqamətində öz davamlı təşəbbüslərini təklif edib.
"Biz nəinki ölkə daxilində millətlərarası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya da nümunə göstəririk. Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk"-deyə qeyd edən dövlətimizin başçısı bird aha bu ifadələri ilə Azərbaycanın dünyadakı yeri və rolunu qiymətləndirib.
Əli Əhmədov: "Dövlətimizin başçısı isə tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi"
Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi ilə əlaqədar verdiyi tapşırığından sonra yanvarın 13-də Nazirlər Kabinetində də müşavirə keçirilib. Həmin müşavirədə 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.
Müşavirədə çıxış edən Baş nazirin müavini Əli Əhmədov bu ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunmasının əhəmiyyətindən və aktuallığından danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi bu məsələyə həm Özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib. Çünki bu kimi qərarın verilməsi həm də Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstəricisidir.
Ümumiyyətlə, son dövrlərdə İslam dünyasında baş verən hadisələr fonunda Azərbaycanın həm də müsəlman ölkəsi olaraq dövlət səviyyəsində belə bir əhəmiyyətli məqamı önə çıxarması onu sübut edir ki, ölkəmiz daim sülh çağırışının təşəbbüskarı rolunda çıxış edir.
Məhz Əli Əhmədov da bu məsələyə toxunaraq deyib ki, indiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. SİTAT: "Dövlətimizin başçısı isə tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi".
Azərbaycan bu gün dünyada gedən siyasi proseslərə öz xüsusi modellərini nümunə kimi təqdim edərək, cərəyan edən olaylara təsir gücünü göstərmək əzmini ortaya qoyub
Beləliklə, Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu qeyd edən Baş nazirin müavini dövlətimizin İslamın dəyərlərinə və irsinə həssas münasibətindən və qayğısından söhbət açdı. O, Azərbaycanın İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu, qlobal əhəmiyyətli bir sıra mühüm forumların təşkilatçısı kimi çıxış etdiyini vurğulayıb.
Əli Əhmədov toplantıdakı çıxışında bildirib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. Belə ki, İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir, bu həmrəyliyin istənilən səviyyədə olmaması bizi nəinki düşündürür, həm də çox narahat edir: "Prezident İlham Əliyev bu addımı ilə Azərbaycanın İslam həmrəyliyinə töhfə vermək əzmini nümayiş etdirdi".
Baş nazirin müavininin irəli sürdüyü fikirlərdən həm də belə nəticəyə gəlmək mümkündür ki, bəli, Azərbaycan bu gün dünyada gedən siyasi proseslərə öz xüsusi modellərini nümunə kimi təqdim edərək, cərəyan edən olaylara təsir gücünü göstərmək əzmini ortaya qoyub. Xüsusilə, İslam cəmiyyətlərinin gələcəklərinin təmin olunması baxımından, Azərbaycanın dövlət başçısının verdiyi bu qərar olduqca önəmlidir.
Məsələn, Əli Əhmədov vurğulayıb ki, İslam cəmiyyətlərinin gələcəyi, transformasiya problemi ilə əlaqədar modellər üzərində iş aparılarkən Azərbaycan xüsusilə diqqət mərkəzində olacaq: "İslam cəmiyyətlərinin gələcəyi necə olmalıdır, İslam müasir dünyaya necə uğurla transformasiya edilməlidir, onun qəbul etdiyi bir parçaya necə çevrilməlidir kimi suallara cavab axtararkən Azərbaycan modelini əminliklə nümunə göstərmək mümkündür".
Əlbəttə ki, belə önəmli tezisləri təhlil edərkən həm də bu cür nəticəyə gəlmək mümkündür: Azərbaycan İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir!
Çünki ölkəmizin möhkəm əsaslara söykənən daxili və xarici siyasətindəki inkişaf trayektoriyası genişləndikcə, qarşıya çıxan perspektivlər artdıqca, onun mövqeyi də artır, güclənir. Xüsusilə, İslam dünyasında sarsılmaz əsaslara söykənən müstəqil Azərbaycan dövlətinin mövcudluğu qarşıda dayanan bir sıra problemlərin həllində öz mühüm rolunu oynamaq gücündədir.
Bu, bir tərəfdən İslam ölkələrinin üzləşdiyi problemlərin həlli, digər tərəfdən həmin problemlərin dərinləşməsinin qarşısının alınması baxımından xüsusi önəmə malikdir
Əli Əhmədov çıxışında qeyd edib: "Azərbaycan İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir. İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olan Azərbaycan tarixən İslam mədəniyyətinə və elminə böyük töhfələr verib".
İslam həmrəyliyinin güclü faktora çevrilməsinin vacibliyini qeyd edən Əli Əhmədov vurğulayıb ki, bu, bir tərəfdən İslam ölkələrinin üzləşdiyi problemlərin həlli, digər tərəfdən həmin problemlərin dərinləşməsinin qarşısının alınması baxımından xüsusi önəmə malikdir.
Beləliklə, 2017-ci ilin "İslam Həmrəyıliyi İli" elan edilməsi Prezident İlham Əliyev cənablarının İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisi olmaqla yanaşı, həm də Azərbyacanın qlobal siyasət meydanındakı artan rolunun uğurlu tərənnümüdür!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB