“Azərbaycan Türkiyənin əvəzsiz müttəfiqi, ən yaxın strateji ortağıdır”
Türkiyənin Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin yenidən qurulması və Ankaranın Bakıda səfirliyinin yenidən açılmasının 25-ci ildönümü ilə bağlı açıqlama yayıb. SİA-ya səfirlikdən daxil olan açıqlamada deyilir ki, Türkiyə və Azərbaycanın 71 illik həsrəti 25 il əvvəl rəsmi olaraq sona çatdı. Mərhum şair Bəxtiyar Vahabzadənin vurğuladığı kimi "bir ananın iki oğlu, bir ağacın iki qolu" olan Türkiyə və Azərbaycan arasında "Diplomatik əlaqələrin yenidən qurulmasına dair Protokol" 14 yanvar 1992-ci il tarixdə imzalandı və eyni gündə Türkiyənin Bakıdakı Baş konsulluğu səfirliyə çevrilərək, Azərbaycanda açılan ilk səfirlik oldu.
"Türkiyədəki qardaşları üçün Azərbaycan hər zaman xüsusi mövqedə olub, iki ölkə arasında hörülən divarlar bu həqiqəti heç vaxt dəyişdirə bilməyib. Soyuq müharibə dövründə Türk xalqı həsrətini Azərbaycan mahnılarını dinləyərək yox etməyə çalışıb. 1990-ci ildə Bakıda baş verən 20 Yanvar qırğını və daha sonra Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğal edildiyi zaman azərbaycanlı qardaşlarımızın məruz qaldığı qırğınlar, Türkiyədə hər bir vətəndaşımızın hiddətinə səbəb olub. Azərbaycan bu gün gəldiyi nöqtədə, dövlət həyatında qısa bir müddətdə özünü yenidən bərpa etdiyi kimi, hərtərəfli inkişaf həmləsi və artan rifah səviyyəsi ilə qibtə edilən bir ölkəyə çevrilib. 71 illik məşəqqətli dövrdən sonra beynəlxalq səviyyədə haqqı olduğu mövqeyə çatıb. Azərbaycan aradan keçən 25 il müddətində Umummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və Prezident İlham Əliyevin mətanətli liderliyi və iradəsi, regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib. Azərbaycan beynəlxalq siyasi, iqtisadi və humanitar sınaqlar qarşısında eyni dəyərlər əsasında həmrəylik şəraitində hərəkət etdiyimiz, əvəzsiz müttəfiqimiz və ən yaxın strateji ortağımızdır. 2011-ci ildən bu günə qədər dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən"Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının" iclasları əlaqələrin hər sahədə daha da dərinləşməsinə öz töhfəsini verib. Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə həyata keçirilən səfərlər və bütün sahələrdəki texniki əlaqələrin intensivliyini qorumaqdadır. İki qardaş ölkə iqtisadi və digər bütün imkanlarını bəşəri dərinliyi ilə birləşdirib, regional və qlobal rifah və əmin amanlığa xidmət etməkdədir. Bunun ən gözəl nümunəsi, birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmiryolu və Avropanın enerji təhlükəsizliyinə də töhfəsini verəcək TANAP kimi ortaq layihələrdir. Eyni zamanda Azərbaycanla birlikdə reallaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli dialoqlar bölgəmizin firavanlığı və dincliyinə öz töhfəsini verməkdədir".
O da vurğulanıb ki, keçən 25 il ərzində birlikdə nail olduqlarımız gələcəyə ümidlə nəzər salmağımızı təmin etməkdə, birlikdə çalışaraq millətimiz üçün firavan gələcək qurmaq əzmimizi gücləndirməkdədir: "Tarixdən bizə miras qalan Türkiyə və Azərbaycan arasındakı müstəsna əhəmiyyətli əlaqələri daha da inkişaf etdirmək və eyni taleyi bölüşərək ələ-ələ verib gələcəyə doğru irəliləmək bizlərin əcdadlarımız qarşısındakı borcumuz, uşaqlarımız qarşısında isə vəzifəmizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB